...

Nazir Vardan Oskanyan: "Ermənistan və Azərbaycan münaqişəsi GUAM məkanında dondurulmuş münaqişələrə aid deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Ermənistanın xarici işlər naziri Vardan Oskanyan BMT Baş Assambleyasının 62-ci sessiyasında bəyan edib ki, Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə GUAM məkanında uzadılmış və dondurulmuş münaqişələrə aid deyil.

"Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Biz Azərbaycanla danışıqlar aparırıq və tədricən münaqişənin həllinə doğru irəliləyirik" - deyə nazir bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində də irəliləyişlər var: "Bizim qarşımızda mötəbər və balanslaşdırılmış sənəd var ki, bu sənəddə yalnız əsas problemlər deyil, həmçinin bu problemlərdən irəli gələn məsələlər də əksini tapıb. Bütün bunlar birlikdə münasib qərar qəbul etməyə imkan verir".

Ermənistan xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, BMT Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi orqan deyil, bu barədə danışıqlar ATƏT çərçivəsində aparılır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Oskanyan həmçinin Kosovada mövcud vəziyyətin tezliklə aradan qaldırılacağına ümid etdiyini bildirib. O, siyasətçiləri Kosovaya müstəqillik verilməsinin presedent yaratmayacağı barədə tezisdən əl çəkməyə çağırıb və qeyd edib ki, belə bir yanaşma tərzi xalqların öz müqəddəratını təyinetmə hüququnun pozulmasına səbəb olacaq.

Ermənistan XİN-in rəhbəri dünya ictimaiyyətini Darfurda baş verən hadisələrə göz yummamağa çağırıb. Nazir bəyan edib ki, soyqırımın qarşısını almaq vaxtı gəlib.

Nazir dünyanın müasir problemləri qarşısında zəif görünən kiçik dövlətlərinə diqqət yönəldib və onun fikrincə, buna qarşı yalnız səyləri birləşdirməklə mübarizə aparmaq olar. Ermənistan təmsilçisi dünyada enerji təhlükəsizliyinə də toxunub. O qeyd edib ki, neftin və digər enerji resurslarının qiymətinin qalxması bu resurslara malik olanları daha da şirnikləndirir və onlar ətraf mühitin müdafiəsi barədə fikirləşmədən enerji daşıyıcılarının hasilatını davam etdirirlər.

"Güc siyasəti" kimi ənənəvi vasitələrin əvəzinə Oskanyan "kompromis və konsensusun yeni alətlərini" işləyib hazırlamağı təklif edib.

Xəbər lenti

Xəbər lenti