...

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2008 17:57 (UTC +04:00)
AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin növbəti iclası yanvarın sonlarında Strasburqda keçiriləcək. "İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət, Alt Komitə üzvlərinin bölgəyə səfərinin müzakirəsi planlışdırılır", -deyə cümə günü Trend ə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

2005-ci ilin yanvarında AŞPA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub, münaqişənin sülh yolu ilə həll olunmasına dair tövsiyyələr irəli sürülüb. AŞPA Qətnamənin icrasına nəzarət etmək üçün Alt Komitə yaradıb. Komitəyə AŞPA-nın Böyük britaniyalı deputatı lord Rassel Conston rəhbərlik edir. Alt Komitə üzvlərinin Azərbaycan, Ermənistan və işğal altında olan Dağlıq Qarabağa səfər etməsi planlaşdırılsa da, bu baş tutmur.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, fevralın 25-də Conston Azərbaycana səfər edəcək.

"Azərbaycan Alt Komitə üzvlərinin bölgəyə səfər etməsinin əleyhinə deyil. Əgər Alt Komitə üzvləri Dağlıq Qarabağa səfər etmək istəyirlərsə, Azərbaycan bunun da əleyhinə deyil. Lakin bir şərtlə ki, Dağlıq Qarabağa Azərbaycan ərazisindən getsinlər. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Beynəlxalq təşkilatların nümayəndələri Abxaziya və Cənubi Osetiyaya Gürcüstan ərazisindən, Dnestryanı bölgəyə Moldova ərazisindən gedirlər. Nəyə görə Dağlıq Qarabağ istisna olunmalıdır?", - deyə Seyidov əlavə edib.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan Alt Komitə üzvlərinə ölkə ərazisindən Dağlıq Qarabağa keçmək üçün şərait yaratmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti