...

ATƏT-in sədri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2008 13:33 (UTC +04:00)
ATƏT-in sədri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir E.Hüseynli/ Dağlıq Qarabağın azərbaycanlı icması hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupu səylərini gücləndirməlidir. "Münaqişənin həllinin uzanması bütövlükdə region üçün arzuolunmaz nəticələr yaradır" cümə axşamı Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanervanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə icmanın rəhbəri Nizami Bəhmənov bildirib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu 1994-cü ildən vasitəçilik missiyasını həyata keçirir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Bəhmənov deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Onun sözlərinə görə, işğal altında olan bölgələr bu gün bir sıra qeyri-qanuni fəaliyyətlərin həyata keçirildiyi nəzarətsiz ərazilərə çevrilib.

ATƏT-in fəaliyyətdə olan sədri münaqişənin davamlı şəkildə və sülh yolu ilə həlli istiqamətində Minsk qrupunun ardıcıl şəkildə səy göstərdiyini və əsas məqsədin davamlı sülhə nail olmaq olduğunu qeyd edib. O, bildirib ki, bu müstəvidə Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyinə xüsusi diqqət yetirilir. ATƏT sədrinin sözlərinə görə, ATƏT Praqa prosesi çərçivəsində davam etdirilən danışıqlar prosesinə tam dəstək verir və bu istiqamətdə göstərilən səyləri yüksək qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti