Rusiya prezidenti Dmitri Medvedyevin Moskvada Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsinə dair təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına yeni stimul verə bilər. "Novosti Armeniya"nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bildirib.
"Ermənistan Rusiya prezidentinin danışıqlar prosesinə stimul verə biləcək təşəbbüsünü alqışlayır və ona böyük əhəmiyyət verir. Ümid edirik ki, görüş danışıqların fəallaşması üçün yeni yol açacaq ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracaq", - deyə o, cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Ermənistan, Rusiya və Azərbaycan prezidentldəri Serj Sarkisyan, Dmitri Medvedyev və İlham Əliyevin Dağlıq Qarabağın nizamlanması məsələsi üzrə üçtərəfli görüşü noyabrın 2-də Moskvada keçiriləcək. Keçiriləcək görüşün təşəbbüsçüsü Rusiya Federasiyasının prezidenti Medvedyevdir. O, bu təklifi oktyabrın 20-21-də Yerevana səfəri zamanı səsləndirib.
Ermənistanın Xarici Siyasət İdarəsinin rəhbəri sabah Moskvaya gedəcəyini və orada Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə həsr olunmuş görüşü öncəsi bu ölkələrin xarici işlər nazirlərinin hazırlıq görüşünün keçiriləcəyini qeyd edib.
Nalbəndyanın sözlərinə görə, noyabrın 1-də xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər, növbəti gün isə dövlət başçılarının görüşü keçiriləcək. "Danışıqlar prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində və həmsədrlərin dəstəyi ilə keçirilir", - deyə o əmin edib.