Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir A.Qasımova/ ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar üzrə görüşünə dəvət olunduqlarına baxmayaraq, buraxılmayıblar. Bu barədə Trend -a ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, bu, ATƏT-in Minsk Qrupunun iş üsullarına müvafiq deyil.
Bazar günü, noyabrın 2-də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə bəyannamə imzalanıb.
Rusiya prezidenti keçən ay Ermənistanda səfərdə olan zaman hər iki dövlət başçısına Moskvada görüşmək barədə təklif irəli sürüb.
Kremldə qeyd edirlər ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi mübahisəli ərazilərin statusunun müəyyənləşdirilməsi üzrə yekun qərarın Azərbaycan və Ermənistan xalqları tərəfindən verilməli olduğuna əsaslanır. Bununla yanaşı, Moskva hər iki tərəfi qane edən həll variantını dəstəkləyir və nizamlanmanın zamini qismində çıxış etməyə hazırdır.
"Belə çıxır ki, Fransa və ABŞ bəyannamənin hazırlanması prosesində iştirak etməyib, buna görə də o, xüsusi əhəmiyyətə malik deyil", - deyə həmsədr bildirib.
Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri Yuri Merzlyakov Trend -a şərh verməkdən imtina edib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və XOcalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend