...

Rəsmi Bakı yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir sənədin imzalanmasını mümkün sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2009 13:37 (UTC +04:00)
Rəsmi Bakı yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir sənədin imzalanmasını mümkün sayır

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir C.Babayeva /  

Rəsmi Bakı ehtimal edir ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir sənəd imzalana bilər.

"Hər hansı bir sənədin imzalanması prinsip etibarilə ehtimal oluna bilər, amma konkret nəsə demək üçün bütün tərəflərlə bağlı mövqeni yaxşı təhlil edib, proqnoz etmək lazımdır. Ermənistan o qədər məkrli, ikiüzlü, riyakar, yalan addımlarla hərəkət edir ki, ona arxalanıb, dəqiq bir proqnoz vermək olmur", - bazar ertəsi Trend -a Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya aprelin 16-17-də işgüzar səfəri zamanı Rusiya Prezidenti Dmitri Medvedyevlə Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə edilib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda maksimal irəliləyişə nail olmaq istəyir", - Medvedyev Azərbaycan Prezidenti ilə görüşündən sonra jurnalistlərə bildirib.

"Azərbaycan və Ermənistan Prezidentlərinin görüşlərinin mütəmadi xarakter alması məncə çox vacibdir. Rusiya öz mandatının yerinə yetirilməsinə hazırdır. Biz həmişə bu prosesə yardımçı olmağa çalışmışıq. Bu cür əlaqələr davam etdirilərsə - başqa alternativ də yoxdur - mən əminən ki, hazırlanmış təklifləri nəzərə almaqla, bu problemi iki xalqın maraqlarından çıxış edərək, həll etmək mümkün olacaq", - Rusiya Prezidenti əlavə edib.

Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə addımın atılması vaxtı çatıb.

"Ermənistan Prezidentinin Rusiyaya bu günlərdə səfəri zamanı yəqin ki, münaqişənin həlli müzakirə mövzusu olacaq. Rusiyanın bu məsələdə daha fəal olması üçün bütün imkanları var. Eyni zamanda, ABŞ Prezidenti Barak Obama da münaqişənin həllində daha fəal olcağını deyib", - Məmmədov əlavə edib. 

Şöbə müdirinin sözlərinə görə, son vaxtlar münaqişənin həlli ilə bağlı proseslər intensivləşib ki, bu da regionda və dünyada gedən proseslərlə müəyyən mənada bağlıdır.

"Son aylar ərzində regionda və dünyada gedən proseslər bir daha dünya ictimaiyyətinə nümayiş etdirir ki, belə münaqişələrin həlli vaxtı çatıb və bu münaqişələri sonrakı dövrə saxlamaq lazım deyil. Azərbaycan Prezidentinin Rusiyaya səfəri, orada apardığı uğurlu danışıqlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan hərtərəfli söhbət bir daha bizdən münaqişənin həllinə müəyyən optimizlə yanaşmağı tələb edir. Bu il ərzində müəyyən irəliləyişin olmasına böyük ehtimal var", - Məmmədov deyib.  

Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi missiyanı yerinə yetirə bilər. 

"Azərbaycanla Rusiya arasındakı çoxtərəfli, bütün sahələri əhatə edən münasibətlərin xarakteri, məzmunu, Rusiyanın Minsk Qrupunun həmsədri olması, Rusiyanın Ermənistan üzərində müttəfiq kimi çox güclü təsir və təzyiq imkanlarının olması və regionda sabitliyin bərpa olunması zərurəti Rusiyanın tarixi borcunu yerinə yetirə biləcəyini düşünməyə imkan verir", - Məmmədov deyib.  

Onun sözlərinə görə, Praqa Sammiti çərçivəsində Azərbaycan və Ermənistan Prezidentlərinin görüşməsi ehtimalı da var. "Sammitə həm Azərbaycan, həm Ermənistan Prezidenti gələcəksə, Ermənistan tərəfinin görüşlə bağlı müəyyən mövqeyi olsa, o zaman qərar qəbul ediləcək. Hələ ki, bu ehtimaldır və dəqiq bir şey söyləmək olmaz", - o deyib.  

Avropa İttifaqının üzv və tərəfdaş ölkələrinin dövlət başçılarının Praqa Sammitinin mayın 7-də keçirilməsi gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti