Çexiya, Praqa, 07 may / Trend , müxbir M.Xulpaxova /
Rusiya Dağlıq Qarabağı müstəqil region kimi tanımağı planlaşdırmır. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirilən görüşünün nəticəsi haqqında danışarkən deyib.
"Vasitəçi ölkələrin prezidentlərinin sülh danışıqlarının gələn raundunda iştirak edəcəkləri istisna deyil", - Merzlyakov qeyd edib.
Bu gün Praqada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinə dəvət almış Azərbaycan və Ermənistan prezidentləri ABŞ səfirliyində görüş keçirib və görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Bu gün yüksək səviyyədə təşkil edilmiş görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı sayca dördüncü oldu. Sonuncu görüş Sürixdə yanvarın 28-də baş tutub. Prezidentlər arasında ilk görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikinci isə noyabrın sonunda Moskvada keçirilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]