...

Azərbaycanın siyasətçi və millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin həllini fərqli görürlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2009 13:49 (UTC +04:00)
“Dünyada mövcud olmuş heç bir işğal faktı sülh yolu ilə ədalətli həllini tapmayıb. Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonu azad edib, danışıqları bərpa etməlidir. Siyasətçilər xalqı buna hazırlamalıdırlar”, - Trend News-un məlumatına görə, çərşənbə axşamı keçirilən “Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri” mövzusunda elmi-nəzəri konfransda BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Azərbaycanın siyasətçi və millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin həllini fərqli görürlər

Azərbaycan, Bakı, 04 avqust  / Trend , müxbir C.Babayeva /

Azərbaycanın siyasətçi və millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fərqli təkliflərlə çıxış ediblər.

Müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev hesab edir ki,  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli yoxdur.
 
"Dünyada mövcud olmuş heç bir işğal faktı sülh yolu ilə ədalətli həllini tapmayıb. Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonu azad edib, danışıqları bərpa etməlidir. Siyasətçilər xalqı buna hazırlamalıdırlar", - Trend -un məlumatına görə, çərşənbə axşamı keçirilən "Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri" mövzusunda elmi-nəzəri konfransda BAXCP sədri, millət vəkili Həsənquliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Avropa Şurası qarşısında münaqişənin sülh yolu ilə həll olunması öhdəliyini üzərinə götürmüş müxalifət partiyaları imzalarından imtina etməlidirlər.

"Onların imzalarından imtina etməmələrinin səbəbləri aydındır. Onların fikrincə, imzaları geri götürsələr Qərb onlarla əməkdaşlıqdan imtina edər", - Həsənquliyev deyib.

Konfransda çıxış edən müxalifətyönlü Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov öhdəliyin götürülməsində heç bir qəbahətin olmadığını deyib. "Münaqişələrin həllində sülh yolunun tətbiqi beynəlxalq prinsipdir. İmza geri götürülməklə münaqişə həll olunarsa, imzanı birinci özüm geri götürərəm", - İsmayılov deyib.

Müxalifətyönlü Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, münaqişənin həlli hüquqi müstəviyə çıxarılmalıdır. "Münaqişənin həlli siyasi müstəvidən hüquqi müstəviyə çıxarılmalıdır. Dünyada mövcud münaqişələrin heç birində daimi beynəlxalq vasitəçilərdən istifadə olunmur. Vasitəçilər yalnız münaqişənin həllini uzadıb öz ölkələrinin maraqlarını təmin etməklə məşğul olurlar", - o deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsində iqtidarla müxalifət vahid mövqedə olmalıdırlar.

Müxalifətyönlü Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki,  Ermənistanın Azərbaycana qarşı hərbi cinayətkarlıq faktları dünya ictimaiyyətinə çatdırılmalıdır. "Təəssüf ki, bu faktlar dünyaya tam çatdırılmayıb. Dağlıq Qarabağ münaqişəsi heç bir siyasi partiyanın məqsədləri üçün istifadə olunmamalıdır. Bu cür ümummilli məsələ siyasi partiyanın piar aksiyasında digər partiyalarla mübahisələr zamanı istifadə olunmamalıdır", - Mollazadə deyib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti