...

Dünyanın aparıcı dövlətləri öz maraqları naminə Cənubi Qafqazda sabitliyin olmasını istəyirlər – Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2009 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri hesab edir ki, dünyanın aparıcı dövlətləri öz maraqları naminə Cənubi Qafqaz regionunda sabitliyin olmasını istəyirlər.

"Amma təəssüf ki, bəlkə də, həmin dövlətlərin maraqları səbəbindən bölgədə münaqişələr yaranıb və davam edir. Cənubi Qafqaz özünün geostarteji mövqeyinə görə dünyanın aparıcı dövlətlərinin diqqətindədir. Bu baxımdan Rusiyanın Baş naziri Vladimir Putinin Rusiyanın Qafqazda münaqişənin həllinin tərəfdarı olması ilə bağlı səsləndirdiyi fikri başadüşüləndir", - şənbə günü Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

Trend -un arayışı: Rusiyanın Baş naziri Vladimir Putin bu yaxınlarda Türkiyəyə səfər edib. Putin Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görüldüyünü bildirib. Baş nazir onu da qeyd edib ki, Moskva bu münaqişənin tezliklə həll edilməsini istəyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məmmədovun fikrincə, Rusiya Baş nazirinin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlər əhəmiyyətlidir. "Bu fakt göstərir ki, Rusiya Qafqazda münaqişələrin həllinin tərəfdarıdır", - şöbə müdiri bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin özünəməxsus mövqeyi də var. "Azərbaycanın səyləri ondan ibarətdir ki, bu maraqlar bir-birinə uyğunlaşdırılsın və problem ölkəmizin dövlətçilik və milli maraqlarına uyğun şəkildə həll edilsin", - deyə Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Məmmədovun fikrincə, artıq böyük dövlətlərin Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğu özünü göstərir və ona görə də Ermənistan tərəfinə təzyiqlər artır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti