...

Diasporla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 18-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2010 19:04 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 18-ci ildönümünü qeyd etməsi ilə bağlı tədbirlər planını təsdiqləyib.
Diasporla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 18-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planını təsdiqləyib

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir M.Əliyev/

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 18-ci ildönümünü qeyd etməsi ilə bağlı tədbirlər planını təsdiqləyib. DİDK-nın mətbuat xidmətindən Trend -a bildiriblər ki, Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, anım mərasimlərinin, sərgilərin təşkili nəzərdə tutulub.

Almaniya üzrə soyqırımın 18-ci ildönümü ilə bağlı xüsusi tədbirlər planına əsasən, Berlin şəhərində Heydər Əliyev Fondunun "Xocalı uşaqların gözü ilə" sərgisinə daxil olan rəsmlərin nümayişi keçiriləcək.

Fransada da Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Fevralın 21-də Strasburq-Azərbaycan Evi Xocalı faciəsinə həsr edilmiş xüsusi radioproqram yayımlanacaq. Strasburqdakı yerli (RBS FM 91.9) radiosunda efirə cıxacaq proqramı http://www.radiorbs.com internet ünvanından da canlı dinləmək mümkün olacaq.

Böyük Britaniyada fevralın 24-də "Xocalıya ədalət" kampaniyası çərçivəsində şəhər sakinləri arasında imzatoplama kampaniyası keçiriləcək. Bundan başqa, Azərbaycan diaspor nümayəndələri fevralın 26-da Böyük Britaniya Parlamentinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.

Niderlandda "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Amsterdam Açıq Universitetində Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə konfrans keçiriləcək.

İsveçin Stokholm şəhərindəki "SERGELS TORG" meydanında Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçiriləcək. Danimarkadakı Hillerod şəhərində TV və qəzet əməkdaşlarının da iştirakı ilə Xocalı faciəsinin ildönümü qeyd ediləcək.

İslandiyanın Akureyri şəhərində Milanda fəaliyyət göstərən İtaliya-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə keçirdikləri anım tədbirlərində soyqırımla bağlı film nümayiş etdirəcək, fotoşəkillər sərgiləyəcək.

Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə Praqada və Lidiçe şəhərində tədbirlər keçiriləcək.

Moldovada Kişinyov şəhərində soyqırım qurbanlarını anım məqsədi ilə mərasim təşkil ediləcək. Estoniyada fotolardan ibarət sərgi və film nümayişi nəzərdə tutulub. Budapeşt və Buxarestdə də Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək.

Xocalı faciəsinin 18-cı ildönümünü Kanadanın Ottava şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə qeyd edəcək.

ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq, Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaq.

Türkiyədə soyqırımın 18-ci ildönümünə həsr olunmuş anım tədbirləri çərçivəsində Manisada, İzmirdə Xocalı faciəsi qurbanlarını anım mərasimi təşkil ediləcək. Şimali Kiprin Doğu Akdeniz Universitetində keçiriləcək anım tədbirində universitetin tələbə və müəllim kollektivi iştirak edəcək.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində Xocalı soyqırımı ilə bağlı BƏƏ Şeyxinin Aparatına, ölkə parlamentinə və İnsan Haqları İnstitutuna məlumat xarakterli müraciətlər göndəriləcək. Misir Ərəb Respublikasında, Avstraliyada, Taylandda, Yeni Zellandiyada da Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə anım tədbirləri keçiriləcək.

Gürcüstan Respublikasının Marneuli şəhərində Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçiriləcək. Fevralın 26-da həmçinin Tibilisi şəhərində "Gürcüstan Azərbaycanlıları Konqresi" Azərbaycandilli orta məktəblərlə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək.

Özbəkistanda, Qazaxıstanda və Qırğızıstanda da faciə qurbanlarının xatirəsi yad ediləcək.

Rusiya Federasiyası üzrə fevralın 26-da Moskva şəhərindəki "Bakı" kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirmək və sənədli film nümayişi nəzərdə tutulur. Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər.

Fevralın 25-də Ukraynanın bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda, ATƏT-in Ukraynadakı nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə oxunması nəzərdə tutulub.

Fevralın 26-da Xocalı soyqırımının 18-ci ildönümü Azərbaycanın Belarusdakı səfirliyinin və Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində də anılacaq, Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti