Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin həyata keçirdiyi "İşğal olunmuş torpaqlarımızı unutmayaq" layihəsi icrasına başlayıb. Bu barədə Trend -a nazirliyin mətbuat xidmətindən bildiriblər.
Layihə çərçivəsində divar kağızı, Azərbaycan, ingilis və rus dillərində CD disk, kitab hazırlanması nəzərdə tutulub. Layihənin həyata keçirilməsində əsas məqsəd erməni işğalçıları tərəfindən zəbt olunaraq 18 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycan əraziləri barədə ətraflı məlumatın verilməsidir.
Orta məktəb şağirdləri, Qarabağdan məcburi köçkün düşmüş yeniyetmə və gənclər, ümumiyyətlə, Azərbaycan gəncləri üçün nəzərdə tutulan layihə çərçivəsində işğal altında olan rayonlarımızın, eləcə də Dağlıq Qarabağ ərazisində mövcud olmuş və işğal nəticəsində dağıdılmış tarixi abidələrimizin şəkilləri divar kağızlarında çap ediləcək. Divar kağızında yer almış şəkillər iki dövrü - işğaldan əvvəl və işğaldan sonrakı dövrləri əhatə edəcək.
Yaxın günlərdə hazır olacaq kitab və CD diskdə işğal altında olan rayonların ərazisi, əhalisi, tarixi, mədəniyyət abidələri, coğrafiyası, təbiəti, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, məhşur ziyalıları və milli qəhrəmanları barədə məlumat veriləcək.