...

Azərbaycan torpaqlarının işğalı Qafqazda əməkdaşlığa maneə yaradır - Əhməd Davudoğlu (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2010 15:00 (UTC +04:00)
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində Dağlıq Qarabağ ətrafında münaqişənin yaranması Qafqazda regional və ümumdünya miqyasında gələcək əməkdaşlığı çətinləşdirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə hesab edir.
Azərbaycan torpaqlarının işğalı Qafqazda əməkdaşlığa maneə yaradır - Əhməd Davudoğlu (ƏLAVƏ OLUNUB)

RED. əlav.: 12-ci abzasdan sonra əlavə olunub

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində Dağlıq Qarabağ ətrafında münaqişənin yaranması Qafqazda regional və ümumdünya miqyasında gələcək əməkdaşlığı çətinləşdirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə hesab edir.

Türkiyənin XİN rəhbəri "Rusiya qlobal siyasətdə" jurnalında dərc edilən məqaləsində bildirib ki, Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanmaması və Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın artmaqda olan iqtisadiyyat, insan kapitalı və təbii resurslar kimi mühüm potensialdan istifadəsinə əngəl törədir.

"Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasındakı danışıqlar zamanı əldə olunan irəliləyiş münaqişənin həlli üçün çox vacibdir. Çünki ATƏT-in Minsk qrupu tərəfindən hazırlanan mexanizm hələlik nəzərəçarpacaq və konkret nəticə verməyib", - Davudoğlu belə hesab edir.

XİN rəhbəri öz məqaləsində bildirir ki, Türkiyənin də daxil olduğu ATƏT-in Minsk qrupu fikir ayrılıqlarının aradan qaldırılması və sülh yolu ilə nizamlanmaya nail olunması üçün tərəfləri konkret addımlar atmağa vadar etməyə qadir olan yeganə beynəlxalq alətdir.

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan Davudoğlu deyib ki, müntəzəm qarşılıqlı səfərlər, qarşılıqlı maraq doğuran məsələlərdə daimi dialoq və həmrəylik Ankara və Bakı arasında mühüm siyasi münasibətlərə sübutdur.

"Bizim iqtisadi əməkdaşlığımız geniş şəkildə inkişaf edir. Ticarət dövriyyəsi 2,5 milyarda çatıb. Bundan əlavə, Türkiyə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşunda liderlik edir", - türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Türkiyə Ermənistanla münasibətlərini bərpa edəcəyinə ümidini itirmir. Belə ki, bu münasibətlər Ankaranın Cənubi Qafqazda görmək istədiyi bütöv mənzərənin hələ də çatışmayan halqasıdır.

Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan diplomatik münasibətlərin bərpasına dair protokolları imzalayıblar.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada bildirib ki, Tükiyə-Ermənistan münasibətlərinin gələcək inkişafı birbaşa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişindən asılıdır.

Davudoğlu münasibətlərin normallaşması ilə bağlı Ermənistanla protokolların imzalanmasını "indiyədək iki qonşu xalqı ayıran hüquqi və psixoloji maneələrin aradan qaldırılması istiqamətində irəliyə doğru atılan misilsiz addım adlandırıb".

Lakin onun sözlərinə görə, Yerevanla dialoq zamanı Türkiyə hər zaman düşünüb ki, Cənubi Qafqazda gözlənilən sülhün və sabitliyin bərqərar olması üçün təkcə Türkiyə-Ermənistan barışığı kifayət deyil.

Buna görə də Ankara əmindir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasındakı irəliləyiş Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn konkret addımların köməyi ilə təkmilləşdirilməlidir", - Davudoğlu belə hesab edir.

"Yalnız hərtərəfli nizamlanma şəraitində barışıq atmosferini saxlaya, regionda dialoqa, əməkdaşlığa və sülhə olan maneələri aradan qaldıra bilərik. Əlbəttə, bu, siyasi iradə və cəsarət tələb edir", - Davudoğlu hesab edir.

Onun sözlərinə görə, regionda sabitliyin və sülhün bərqərar olmasında Türkiyənin səylərinin nəticəsinə baxmayaraq, Türkiyə Cənubi Qafqazda sülh prosesinin fəal iştirakçılarından biri olacaq.

"Bu gün Ankara və Moskva, həmçinin Bakı, Yerevan və Tbilisi Cənubi Qafqazı davamlı sülh zonasına çevirməyi hər zaman olduğundan daha çox istəyirlər", - Davudoğlu yazır.

"Köhnə münaqişələrin həllində maraqlı olanlar bizim ölkələrdə regionun taleyinə məsuliyyət hissini gücləndirəcəklər. Biz hamımız əvvəlki düşmənçiliyi unutmaq, gələcəkdə ümumi tariximizin müsbət aspektlərini əks edirmək istəyirik və ən başlıcası odur ki, biz Cənubi Qafqazda parlaq gələcək qurmaq üçün ümumi səy göstəririk", - Davudoğlu yazır.

Türkiyəli nazir öz məqaləsində Ankaranın Qafqazda sülhün bərqərar olması planlarında istifadə etdiyi bir neçə yolu göstərib.

Onlardan biri oktyabrın 10-da Sürixdə Türkiyə-Ermənistan protokollarının imzalanmasıdır. Lakin Ermənistan Konstitusiya Məhkəməsinin protokollara dəyişikliyin edilməsi ilə bağlı qərarı protokolların ratifikasiyası yolunda gözlənilməz maneə olub.

"Əgər bütün tərəflər (Türkiyə və Ermənistan) özünü məsuliyyətli aparsalar və Cənubi Qafqazda hərtərəfli sülhün əldə olunmasına öz töhfələrini versələr, protokollar yaxın vaxtlarda Türkiyə Parlamenti tərəfindən ratifikasiya edilə bilər, - Davudoğlu qeyd edib. - Bu, təkcə iki xalqın barışması prosesini asanlaşdırmayacaq, həm də yeni gələcəyə, sülhün bərqərar olmasına, çiçəklənmə və əməkdaşlığa yol açacaq. Bu mənada ən təxirəsalınmaz tələb uydurma hüquqi problemlər pərdəsi alıtında sülhə və sabitliyə nail olmaq yolunda əngəl törətməməkdir".

Ermənistan Konstitusiya Məhkəməsi yanvarın 12-də Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulması haqqında protokol") və "İkitərəfli əlaqələrin inkişafı haqqında protokol") əks olunmuş öhdəliklərin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləyib. Protokollar Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanıb.

Davudoğlunun fikrincə, son 20 ildə sürətlə inkişaf edən Türkiyə-Rusiya münasibətləri də Cənubi Qafqazda regional münaqişələrin həllinə yönəlməlidir.

"Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, sabitlik və çiçəklənməyə nail olmaq məsələsində səylərin birləşdirilməsi üçün Türkiyə və Rusiyanın üzərinə tarixi və mənəvi məsuliyyət düşür, - Davudoğlu yazır. - Əgər qarşımızda duran vəzifələrin başa düşülməsi və onların həlli yollarının axtarılması əsasında əməkdaşlıq etsək, öz borcumuzu yerinə yetirmək asan olacaq".

Münaqişələr qarşılıqlı məqbul şəkildə nizamlanmadan regionda davamlı sülhün və sabitliyin mümkünsüz olduğunu başa düşən Türkiyə kompromislərin sadələşdirilməsi və sürətləndirilməsi üçün yeni regional forumun yaradılmasını təklif edib. Forumun ideyası beş ölkənin - Azərbaycan, Ermənistan Gürcüstan, Rusiya və Türkiyə liderlərinin regional problemlərin həlli və etibarın möhkəmləndirilməsi üçün danışıqlar masasına əyləşməsindən ibarətdir.

Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü ilə çıxış edən Türkiyə etiraf edib ki, bu, asan proses deyil. "Çünki münaqişələrin olması eyni zamanda belə strukturun yaradılması üçün əsas və ideyanın reallaşması prosesində başlıca maneədir", - Davudoğlu yazır.

Türkyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Qafqaz platforması" təşəbbüsü 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş hadisələrdən sonra irəli sürülüb.

"Keçmiş uğursuzluqları xatırlayan Türkiyə elə struktur yaratmaq istəyir ki, bu, regionun fəaliyyətdə olan əsas şəxsləri arasında dialoqa, ideya mübadiləsinə və inamın möhkəmləndirilməsinə xidmət etsin. Hesab edirik ki, bu, bir anlıq hərəkət yox, uzun proses olacaq", - Türkiyənin XİN rəhbəri hesab edir.

Xəbər lenti

Xəbər lenti