Beşinci abzasdan sonra əlavələr edilib.
Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin deputatı Tomaş Parebunun Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfərindən narazılığını ifadə edib.
Milli Məclisin spikeri Oqtay Əsədov iclasda bildirib ki, Avropa Parlamentinin üzvü Tomaş Parebu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz olaraq səfər edib.
Əsədob çərşənbə axşamı keçirilən iclasda bildirib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ probleminin həlli üzrə qətnamə qəbul edir, lakin onun üzvü müvafiq razılaşma olmadan Dağlıq Qarabağa səfər edir və bununla da Azərbaycanın ərazi bütövlüyünü pozur.
Ermənistan KİV-i xəbər verir ki, Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəçisi Tomaş Porebu dekabrın 19-dan Dağlıq Qarabağda səfərdədir, orada tanınmamış "respublikanın" rəhbərliyi ilə görüşlər keçirir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri, regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edir.
Əsədov bildirib ki, Avropa Parlamenti nümayəndəsinin Dağlıq Qarabağa səfəri Azərbaycanla bu struktur arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
"Tomaş Parebu "Evronest"in ehtiyat tərkibinə daxildir və biz bu struktur çərçivəsində belə adamlarla necə işləyəcəyimiz barədə düşünməliyik. Heç kim, xüsusilə də beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır", - spiker bildirib.
"Evronest" Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının parlament formatıdır. Yeni parlamentlərarası birliyin yaradılması ilə bağlı aparılan ilkin müzakirələrə görə, "Evronest"ə 120 parlamentari daxildir. Onlardan 60-ı Aİ ölkələrindən, 60-ı isə "Şərq tərəfdaşlığı" təşəbbüsünün iştirakçısı olan altı ölkədəndir.
Ötən ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər Polşa və İsveçin təşəbbüsü olan yeni mərhələyə - Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlığa qədəm qoyub.
"Şərq tərəfdaşlığı" Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə əlaqələrinin yaxşılaşdırılmasına yönəldilmiş Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək 600 milyon avro ayrılması nəzərdə tutulub ki, bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardım göstərilməsi məqsədi daşıyır.
Spiker Avropa Parlamenti sədrinə etiraz məktubu göndərəcəyini qeyd edib.
İclasda deputat Əli Hüseynov bildirib ki, Brüsseldə AP iclasının gedişində bu faktla bağlı etirazını ifadə edəcək. "Polşanın Azərbaycandakı səfirliyinə də məktub göndəriləcək", - Hüseynov deyib.