...

Avropa İttifaqının Azərbaycan XİN-in etiraz notasına cavabı açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2010 16:25 (UTC +04:00)
Bazar ertəsi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin deputatı Tomaş Porebanın bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı etiraz notasına cavab verib.
Avropa İttifaqının Azərbaycan XİN-in etiraz notasına cavabı açıqlanıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Y.Ostapenko/

Bazar ertəsi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin deputatı Tomaş Porebanın bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı etiraz notasına cavab verib.

"Aİ-nin ali nümayəndəsi Ketrin Eştonun rəhəbrlik etdiyi Aİ-nin xarici əlaqələr xidməti Avropa Parlamentinin deputatı Tomaş Porebanın Dağlıq Qarabağa səfərinin məqsədi və proqramı haqqında məlumatlandırılmayıb", - Trendin Aİ-nin Bakı ofisindən aldığı məktubda deyilir.

Məktubda deyilir ki, Avropa Parlamenti müstəqil orqandır, belə ki, Avropa İttifaqı sistemi hakimiyyətin bölünməsinə əsaslanır. Xanım Eşton onun qəbul etdiyi qətnamələr, məruzələr və Avropa Parlamentinin və ya onun üzvlərinin fərdi fəaliyyəti də daxil olmaqla, Avropa Parlamenti üzərində hakimiyyətə malik deyil.

2009-cu ildə Lissabon müqaviləsinin qüvvəyə mindiyi andan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Aİ-nin ittifaqın xarici siyasətini müəyyən edən fəaliyyətdə olan ali şəxsidir. Təşkilatın cavabında deyilir ki, Aİ ərazi bütövlüyünün beynəlxalq prinsiplərinə hörmət edir və hesab edir ki, istənilən dövlətin ərazisinə səfər beynəlxalq hüquqa uyğun və bu ölkə və ya cəlb olunan ölkələrlə əməkdaşlıqda həyata keçirilməlidir.

Ermənistan KİV-i məlumat verib ki, Avropa parlamentarisi, Ermənistan üzrə əsas məruzəçi Tomaş Poreba dekabrın əvvəllərində Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağa gəlib. O, bu barədə rəsmi Bakını məlumatlandırmayıb.

Poreba orada tanınmamış respublikanın rəhbərliyi ilə görüşlər keçirib və Qarabağ münaqişəsinin nizamlanmasına, regiondakı vəziyyətə və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib.

Bununla əlaqədar dekabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya və Polşa səfiri Mixal Labendaya etiraz notasını təqdim edib.

Tomaş Poreba Azərbaycanda "persona-non qrata" elan edilib və onun gələcəkdə Azərbaycan ərazisinə gəlişi arzuedilməzdir.

Porebanın öz sözlərinə görə, o, Dağlıq Qarabağa vəziyyətlə yerində tanış olmaq və regionla bağlı hesabat hazırlamaq üçün öz şəxsi təşəbbüsü ilə səfər edib.

"Ermənistan üzrə məruzəçi olaraq başa düşürəm ki, yalnız region haqqında geniş məlumata malik olmaqla obyektiv və hərtərəfli məruzə hazırlaya bilərəm. Həm Ermənistana, həm də Dağlıq Qarabağa qeyri-rəsmi səfərimin məqsədi vəziyyəti kənardan deyil, hadisə yerində öyrənməkdən ibarət olub", - Poreba bir müddət əvvəl Trend-ə bildirib.

Azərbaycan XİN işğal olunmuş ərazilərə səfərlər zamanı Azərbaycan tərəfi ilə məsləhətləşmələrin aparılmasının zəruriliyini təkid edir.

"Poreba öz hesabatını qərəzsiz tərtib etmək fikrində idisə, onda Ermənistana getməzdən əvvəl Azərbaycanın rəsmi dairələri ilə də bu məsələni muzakirə edib, bizim mövqeyimizi və səfərə münasibətimizi öyrənə bilərdi", - Trend-ə bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.

Xəbər lenti

Xəbər lenti