Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/
Gənclər və İdman Nazirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə "Mahir nişançı" turnirini keçirəcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən bildiriblər.
2007-ci ildən etibarən keçirilən yarışın əsas məqsədi XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edib, onlarda hərbi vərdişlərin yaranmasını təmin etməkdir. Bu səpkili tədbirlər eyni zamanda gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərib, güllə atıcılığı idman növünün geniş təbliğ edilməsinə də şərait yaradır.
Yarış 25 fevral tarixində Bakıxanov qəsəbəsində yerləşən 1 saylı Texniki İdman Cəmiyyətinin həyətində baş tutacaq.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.