...

İqbal Ağazadə ABŞ diplomatı ilə Qarabağ problemini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2011 17:22 (UTC +04:00)
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Ceymi Smiti partiyanın mərkəzi qərargahında qəbul edib.
İqbal Ağazadə ABŞ diplomatı ilə Qarabağ problemini müzakirə edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir T.Hacıyev/

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Ceymi Smiti partiyanın mərkəzi qərargahında qəbul edib. Partiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı və demokratik proseslərin inkişafı ilə bağlı müzakirələr də aparılıb. ABŞ səfirliyi ilə Ümid Partiyasının əməkdaşlıq prespektivləri barədə də fikir mübadiləsi aparılıb.

Ümid Partiyası 1993-cü ildə təsis edilib. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. 2002-ci ildə partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.

Xəbər lenti

Xəbər lenti