...

İranın ATƏT vasitəçilərinə irad bildirməyə heç bir haqqı yoxdur – politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2011 11:59 (UTC +04:00)
Azərbaycanın bəzi araşdırma mərkəzləri, televiziyaları və ekspertlərinin fəaliyyətləri İran İslam Respublikasının təbliğat maşınını ciddi narahat edir.
İranın ATƏT vasitəçilərinə irad bildirməyə heç bir haqqı yoxdur – politoloq Mübariz Əhmədoğlu

Azərbaycanın bəzi araşdırma mərkəzləri, televiziyaları və ekspertlərinin fəaliyyətləri İran İslam Respublikasının təbliğat maşınını ciddi narahat edir, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Vəziyyəti öyrənmədən və ya öyrənməyə maraqları olmadan uydurma fikirlərlə çıxış edirlər. ATƏT-in Minsk Qrupu vasitəçilikdən daha çox notarial kontor funksiyasını yerinə yetirir. Bəşər tarixində ATƏT MQ vasitəçiliyi qədər şərəfsiz vasitəçilik olmayıb. Şərəfsiz vasitəçilik missiyasının parametrlərinə görə ATƏT MQ Ginnesin rekordlar kitabına düşə bilər. Azərbaycanda demək olar ki, hamı ATƏT MQ-yə neqativ münasibətdədir. Hətta belə ATƏT MQ-nin DQ münaqişəsinə münasibəti İranın münasibəti ilə müqayisədə dəfələrlə sağlam və proqnozlaşdırılandır" Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, ATƏT MQ vasitəçiləri uzun müddət DQ münaqişəsi tərəfləri arasında balans siyasəti aparıblar.

"İndi balansı tədricən Azərbaycanın xeyrinə pozurlar. İran DQ məsələsində balans siyasət aparmamış və birmənalı şəkildə Ermənistanın mövqeyini dəstəkləmişdir. İranın diplomatik və dini normaları pozaraq Ermənistana dəstək verməsinin ən əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır" politoloq vurğulayıb.

Əhmədoğlu faktlara müraciət edərək deyib ki, birincisi, Azərbaycan İranın vasitəçilik missiyasını qəbul edir; Ermənistan İranın vasitəçilik missiyasını rədd edir. Azərbaycanın İranın vasitəçilik missiyasını ilk dəfə qəbul etməsi Şuşanın itirilməsi ilə nəticələndi. İran nəinki Şuşanın itirilməsinin əvəzini qaytarmaqla məşğul olmur, əksinə, onun vasitəçilik missiyasını dəfələrlə iflasa uğradan Ermənistana dəstəyini artırır.

İkincisi, İran ATƏT MQ həmsədrlərindən və Türkiyədən fərqli olaraq DQ münaqişəsi regionunun birbaşa qonşusudur. Bu, tamamilə yeni vəziyyət, yeni üstünlük yaradır. İran üstünlüyündən istifadə edib ATƏT MQ həmsədrlərini "cəzalandıra" bilər. Amma etmir. Görünür, Azərbaycan ABŞ və Rusiyaya nisbətən İran üçün daha təhlükəlidir.

Üçüncüsü, İran tərəfi sərhədlərin delimitasiyası, demarkasiyası, narkotik qaçaqmalçılığından qorunması, fövqəladə vəziyyətlərin qarşısının alınması və s. adı altında işğal olunmuş ərazilərdəki İran-Azərbaycan sərhəddində müxtəlif tədbirlər keçirməklə bütün dünyaya, o cümlədən, Ermənistana bu sərhədın kimə mənsub olduğunu əyani şəkildə başa sala bilər.

Dördüncüsü, İran Azərbaycan ordusunun hərbi hissələrinə öz ərazisi vasitəsilə işğal altındakı ərazilərə keçməyə şərait yarada bilər. Erməni mətbuatının yazdığına görə, Azərbaycan tərəfindən irəli sürülən bu təklif İran tərəfindən rədd edilib. Azərbaycan ordusunun İran ərazisi vasitəsilə işğal olunmuş ərazilərə keçirilməsi DQ münaqişəsinin dinc yolla tənzimlənməsi prinsiplərinə uyğundur. Çünki bu zaman Azərbaycan və Ermənistan qoşunları vuruşmurlar. İran da özünü DQ münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarı kimi göstərir. İranın köməyi ilə işğal olunmuş ərazilərə keçən Azərbaycan hərbçiləri ermənilərə ilk atəş açmamaq haqqında İran qarşısında öhdəlik də götürə bilərlər; Bizim hərbçilər yalnız ermənilər atəşkəs rejimini pozduqdan sonra atəş aça bilərlər. İran bu addımı atmamasının səbəbini izah edə bilərmi?.

Beşincisi, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkə mətbuatına bəyan etdi ki, Horadizdə gömrük məntəqəsinin açılması təklifi ilə İran tərəfinə müraciət edib. İran bu təklifə də reaksiya verməyib.

İranın təbliğat maşını DQ münaqişəsi ilə bağlı möhtəkirlik və məcburi köçkünlərin təhqir olunması əvəzinə öz ölkəsinin DQ münaqişəsinin tənzimlənməsində imkanları barəsində düşünsəydi daha yaxşı olardı.

Xəbər lenti

Xəbər lenti