...

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dağlıq Qarabağda heç bir fəaliyyət göstərmir - Antonio Quterreş (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2011 17:42 (UTC +04:00)
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nə Dağlıq Qarabağda, nə də ətraf regionlarda heç bir fəaliyyət göstərmir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dağlıq Qarabağda heç bir fəaliyyət göstərmir - Antonio Quterreş (FOTO)

Trend-i buradan izləyin

Fotoşəkillər əlavə olunub (ilk xəbər 17:12-də yayılıb)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M.Əliyev/

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nə Dağlıq Qarabağda, nə də ətraf regionlarda heç bir fəaliyyət göstərmir. Trend-in məlumatına görə, bu barədə BMT-nin ali komissarı Antonio Quterreş cümə axşamı Bakıda regiona səfərinin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

"Bizim məqsədimiz humanitar fəaliyyət göstərməkdir. Biz məsələnin siyasi tərəfinə müdaxilə etmirik", - Quterreş qeyd edib.

"Azərbaycan hökuməti ölkədə qaçqın və məcbiri köçkünlərin rifahının yaxşılaşdırılması ilə bağlı apardığı işlərlə fəxr edə bilər", - o bildirib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Quterreş Cənubi Qafqaza səfər çərçivəsində Azərbaycanda olub. Səfər zamanı o, ölkə rəsmiləri ilə görüşlər keçirib, Ermənistanın Azərbaycana qarşı təcəvüzü nəticəsində öz yurd-yuvalarından qovulan qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə tanış olub.

BMT ali komissarının səfərini Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov böyük siyasi hadisə kimi qiymətləndirib.

"Əsas odur ki, ali komissar hər şeyi öz gözləri ilər görüb və obyektiv insan kimi dünya ictimaiyyətini Azərbaycanda işlərin real vəziyyəti haqqında məlumatlandıracaq", - Həsənov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti