...

ABŞ-ın Serj Sarkisyana dəstəyi Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinə səbəb olub - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2011 15:00 (UTC +04:00)
ABŞ-ın Serj Sarkisyana verdiyi dəstək Dağlıq Qarabağ münaqişəsi üzrə əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinə səbəb olub.
ABŞ-ın Serj Sarkisyana dəstəyi Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinə səbəb olub - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Serj Sarkisyana verdiyi dəstək Dağlıq Qarabağ münaqişəsi üzrə əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinə səbəb olub. Bunu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"2009-cu ilin sonlarınadək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə böyük ümidlər olmuşdu. Rəsmi Bakı indi də 2009-cu ilin sonlarında razılaşdırılmış sənədin imzalanmasını təklif edir. Ermənistan tərəfi bundan imtina edir, müxtəlif imitasiya variantları, ideyalar ortalığa qoymaqla, münaqişəsinin tənzimlənməsinin mahiyyətini dəyişməyə çalışır", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Sarkisyan buna müəyyən qədər nail olub. "Ən azı, bugünədək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sənədin imzalanmaması bunu deməyə əsas verir. Bununla da, Praqa prosesi yekun nəticə ortalığa qoymadan başa çatdı. Praqa prosesinə görə, Azərbaycanın 5 rayonu dərhal, Laçın və Kəlbəcər rayonları sonrakı 3-5 ildə geri qaytarılır, 5-7 il ərzində isə Şuşanın azərbaycanlılarla məskunlaşması həll olunurdu, kommunikasiya xətlərinin, iqtisadi münasibətlərin qurulması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına başlanırdı", - politoloq qeyd edib.

Onun sözlərinə görə, münaqişədə əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinin iki mənbəyi var. "Birinci mənbə ABŞ-ın Sarkisyana verdiyi dəstəkdir. ABŞ indi də ümid edir ki, Sarkisyan Birləşmiş Ştatlar tərəfindən onun üzərinə qoyulmuş xüsusi missiyanı - Rusiyanı regiondan sıxışdırıb çıxarmaq missiyasını yerinə yetirəcək", - politoloq qeyd edib.

Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrləri əksərən fərdi müsahibələrində ermənilərin maraqlarına cavab verən bəyanatlar veriblər. "Misal üçün, ABŞ-dan olan həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri və maddələrinin ardıcıllığını rəsmi sənəddə yazıldığı kimi yox, ermənilərin maraqlarına cavab verən ardıcıllıqda sadalayıblar", - politoloq vurğulayıb.

Onun sözlərinə görə, ikinci mənbə Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması ilə bağlı iki protokolun imzalanmasıdır.

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Sarkisyanın məqsədinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin yubadılması olduğu əvvəlcədən bəlli idi. Təəssüf ki, Türkiyənin bu addımı Ermənistan Prezidentinin münaqişənin dinc yolla tənzimlənməsindən yayınmasına imkan verən amillərdən birinə çevrilib", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti