...

Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarında məskunlaşma beynəlxalq hüquqa ziddir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 12:59 (UTC +04:00)
Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma siyasətini davam etdirərək Azərbaycanın tarixi torpaqlarında törədilən belə hərəkətlərlə və Ermənistan rəhbərliyi tərəfindən bu prosesin təşviqi ilə beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulması faktına etinasızlıq göstərir.
Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarında məskunlaşma beynəlxalq hüquqa ziddir - XİN

Azərbaycan, Bakı, 4 noyabr / Trend, müxbir S.Ağayeva /

Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma siyasətini davam etdirərək Azərbaycanın tarixi torpaqlarında törədilən belə hərəkətlərlə və Ermənistan rəhbərliyi tərəfindən bu prosesin təşviqi ilə beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulması faktına etinasızlıq göstərir. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Ermənistan KİV-inin məlumatına görə, Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə "Ermənistan -3500" adlı proqrama başlanılıb. Proqramın məqsədi xaricdə yaşayan 3500 ermənini Ermənistanda və Dağlıq Qarabağda yaşamaq üçün köçüb gəlməyə razı salmaqdır.

Abdullayev bildirib ki, yerli azərbaycanlı əhalinin tarixi torpaqlarından qovulması, etnik təmizləmələr, ulu babaların tarixi torpaqlarında gəlmə ermənilərin yerləşdirilməsi beynəlxalq birlik tərəfindən birmənalı olaraq pislənməlidir. O əlavə edib ki, bu, beynəlxalq hüquqa və beynəlxalq münasibətlər sistemini tənzimləyən bütün dəyərlərə hörmətsizlikdir.

Abdullayevin sözlərinə görə, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşması məsələsi beynəlxalq arenada ciddi şəkildə müzakirə olunmalıdır və beynəlxalq təşkilatlar bu cür siyasəti pisləməlidirlər.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə öz missiyası zamanı dəfələrlə işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşması faktlarını təsdiqləyib.

"Ermənistan rəhbərliyinin ölkədə demoqrafik vəziyyəti birtərəfli qaydada və qanunsuz yollarla dəyişmək cəhdləri münaqişənin nizamlanması üzrə danışıqlar prosesinə böyük zərbə vurur. Bununla da Ermənistan rəhbərliyi özünün pozuculuq mövqeyini bir daha nümayiş etdirir", - Abdullayev əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti