Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Mehdiyev/
Dağlıq Qarabağ məsələsində 2013-cü ildə heç bir dəyişikliyin olmayacağına hazırlaşanlar İran faktorunu unudurlar. İranın Dağlıq Qarabağ məsələsinə münasibəti dəyişir, ermənipərəstlikdən uzaqlaşır, mümkün qədər Azərbaycana yaxınlaşır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, yaxınlarda İran və Azərbaycanın sərhəd qoşunları 10 saatlıq müzakirələr apardı və yekunda sənəd imzaladılar. Sənəddə sərhədyanı ərazilərdə birgə təlimlər nəzərdə tutulmuşdu.
"İlk belə təlim Araz çayı boyunca Culfa şəhərində başlayacaq və sonradan Araz çayı boyunca yerləşən digər sərhədlərə şamil ediləcəkdir. İranla Azərbaycanın həmsərhəd ərazilərinin 122 kilometri erməni işğalı altındadır. Həmin bu sərhədlərdə birgə hərbi əməliyyatların keçirilməsi avtomatik olaraq həmin ərazilərin Azərbaycana qaytarılması deməkdir", - Əhmədoğlu deyib.
O bildirib ki, ötən ay Dövlət Sərhəd Xidmətinin rəhbəri təxminən buna bənzər bəyanat vermişdi.
Politoloq hesab edir ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə təsir edə biləcək ən mühüm amil İranın da seçki ilinə daxil olmasıdır.
"Kimliyindən asılı olmayaraq yeni prezident islami prinsiplərə daha çox riayət etməyə məcbur olacaqdır. Lakin seçki prosesinin özü sürprizlər vəd edə bilər. Azərbaycan hökumətinə münasibətindən asılı olmayaraq İrandakı azərbaycanlılar dini liderin qarşısında Qarabağın işğalı məsələsini qoya bilərlər", - Əhmədoğlu deyib.
Onun fikrincə, dini liderin ətrafı Dağlıq Qarabağı işğaldan azad etdikdən sonra İrandakı azərbaycanlılar dini liderin müəyyənləşdirdiyi prezidentliyə namizədə səs verə bilərlər.
"Bu, çox realdır. Eyni zamanda İranla əlaqəli geosiyasi məqamlar da var. ABŞ, Rusiya, Fransa, Türkiyə kimi dövlətlər 2013-cü ildə tənzimləmədə dəyişikliyin olmayacağını bildiriblər. İran onların sözünü yerə vurmaq üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində real dəyişiklik yarada bilər. İranın rəhbərliyində belə şeyləri sevirlər", - politoloq deyib.