...

Xocalı soyqırımının qurbanları Avstraliyada anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 11:45 (UTC +04:00)
Sidneydə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xocalı soyqırımının qurbanları Avstraliyada anılıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Sidneydə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,

Xocalı soyqırımının 21-ci ildönümü və bu dəhşətli faciənin qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də Avstraliyanın Sidney şəhərində anılıb. Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Türk Dayanışma Dərnəyində (Turkish House) təşkil olunmuş tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanaraq yerli diasporaya göndərilən videomateriallar nümayiş olunub, kitablar və broşürlər paylanıb.

Tədbir iştirakçıları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda müzakirə aparıblar.

Bundan başqa, fevralın 22-də Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə ölkənin ən böyük məscidi olan Gelibolu Camisində 3000-dək insanın iştirak etdiyi cümə namazından öncə Xocalı soyqırımı barədə məlumat verilib, Xocalı qurbanlarının ruhuna Quran oxunub və dualar edilib.

Eyni zamanda, Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu soyqırım ilə əlaqədar xüsusi veriliş hazırlayıb. Veriliş fevralın 25-də yerli vaxtla saat 22:00-da proqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti