...

Millət vəkili gəncləri Qarabağ həqiqətlərinin təbliği istiqamətində sosial mediada aktiv olmağa çağırıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2013 15:38 (UTC +04:00)
Türkiyənin Koç Universitetində Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib.
Millət vəkili gəncləri Qarabağ həqiqətlərinin təbliği istiqamətində sosial mediada aktiv olmağa çağırıb  (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin Koç Universitetində Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva deyib ki, Ermənistanın 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımı unudulmayacaq.

Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.

Millət vəkili bildirdi ki, ədalət tərəfində olanlar Xocalı soyqırımını tanımalıdırlar. O, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon azərbaycanlının evinə dönə bilmədiyini qeyd edib.

"Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika, Kolumbiyadan sonra Çexiya parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir", - millət vəkili deyib.

Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. O qeyd edib ki, bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, Avrasiya Beynəlxalq Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, TİMUB prezidenti Çingiz Bayramov, AVCİYA-nın əməkdaşı Zaur Qəribli çıxış edərək Xocalı soyqırımı barədə geniş məlumatlar veriblər və Xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanın üzərinə düşən vəzifələrdən danışdılar və bu istiqamətdə birgə fəaliyyətin aparılmasının vacibliyini qeyd etdilər. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyi də vurğulanıb.

Tədbir çərvçivəsində Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: tanıkların dili ile", millət vəkili Qənirə Paşayeva və Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı soyqırımı şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı" və "Ruhum Qarabağlıdır" filmləri də təqdim olunub.

Tədbirin sonunda konfrans iştirakçılarının sualları cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti