...

Nazim İsmayılov: Ermənistanda Azərbaycandakı kimi mina problemi yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Ermənistanda Azərbaycandakı kimi mina problemi yoxdur. Orada savaş getməyib. Oralara heç kim hücum etməyib. Ermənistan ərazisində yalnız keçmiş sovet ordusu, hazırda isə orada duran Rusiya ordusu tərəfindən İran, Türkiyə, Azərbaycanla sərhəd boyu əraziləri minalayıblar. Onlar heç vaxt o minaları oradan çıxarmayacaqlar. Ermənistanda humanitar mina əməliyyatlarının aparılması fikri demək olar ki, cəfəngiyyatdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Ermənistan KİV-lərində Ermənistanda milli minatəmizləmə mərkəzinin yaradılması istiqamətində işlərin aparılması, eləcə də ABŞ və İranın, o cümlədən digərlərinin Ermənistana bu istiqamətdə yardımlarını təklif etməsi barədə yer alan xəbərlərə münasibət bildirırkən deyib.

Agentliyin direktorunun sözlərinə görə, donor ölkələr balans siyasəti yeridirlər ki, əgər Azərbaycana yardım edilibsə, gərək Ermənistana da edilsin. Yəni onlar heç kimin tərəfində olmadan bərabər şəkildə neytral mövqe tuturlar.

İsmayılov qeyd edib ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 1998-ci ildə yaradılıb, 2001-ci ildən isə real fəaliyyətə başlamışıq. ANAMA ilə təxminən eyni vaxtda, 2000-ci ildə Ermənistanda da belə bir mərkəz yaranıb, lakin heç bir uğur əldə edə bilməyib:

"Ermənistanın Müdafiə Nazirliyinin tərkibində minatəmizləmə mərkəzi yaradıldı. Xüsusən də onların donoru ABŞ Dövlət Departamenti idi. Bizimlə yanaşı aldığımız vəsaiti və avadanlıqları onlar da alırdılar. Onlar da təxminən bizim kimi inkişaf etməli idilər. Amma 7 il keçdi, onların işində böyük bir irəliləyiş yox idi. Onlar belə bir potensialı yaratmağa nail ola bilmədilər. Nəticədə 2 ildir ki, donorlar tərəfindən onların maliyyələşdirilməsi dayandırılıb"

Direktor qeyd edib ki, əgər ANAMA hər il təxminən 20 milyon kvadrat metr ərazi təmizləyirsə, Ermənistan tərəfində bu rəqəm 100 min kvadrat metrdir. Amma ayrılan vəsait və avadanlıqlar eyni olub. Bu da donorlara şübhəli görünüb. Ona görə də, Nazim İsmayılovun fikrincə, donorlar bu işə yaxın durmayacaqlar: "Azərbaycanda nəinki ölkənin daxilində işlər görülür, hətta beynəlxalq təlim bazası yaradılıb, ayrı-ayrı ölkələrlə təcürbələrimizi bölüşürük. Onların nümayəndələri bizdə gəlib təlimlər keçirlər. Ermənistanda isə onlar heç öz ərazilərində bu işi təşkil edə bilməyiblər və demək olar ki, dağılmış vəziyyətdədirlər. Mən təzədən belə qurumun yaradılması fikrinin haradan gəldiyini bilmirəm. Onlar artıq 10 ildir ki, bunu yaratmaq istəyirlər, lakin nail ola bilməyiblər. Mənə belə gəlir ki, donorlar bu işə yaxın durmayacaqlar. Onlar da artıq başa düşüblər ki, ümumiyyətlə Ermənistanda mina və partlamamış hərbi sursatlarla bağlı ciddi problem yoxdur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti