...

Politoloq: Moldova ombudsmanı Ermənistan parlamentində ermənilərin törətdikləri vəhşilikləri deməklə presedent yaratdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistan parlamentində ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri deməklə presedent yaratdı. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Əhmədoğlu bildirib ki, çoxlu sayda Avropa siyasətçisi, dövlət və din xadimi xüsusi missiya ilə Ermənistana gələrək Azərbaycana qarşı etdiklərini üzlərinə vurub səhvlərini tezliklə aradan qaldırmağı tapşırmışdılar. Belə görüşlər bağlı qapılar arxasında keçdiyi üçün dünya ictimaiyyətinin məlumatı yox idi. Moldova ombudsmanı cəsarət tapdı və hər şeyi açıq şəkildə dedi. Onun bu addımının yaxın zamanlarda başqa siyasətçilər tərəfindən təkrarlanacağı da istisna deyil.

O, qeyd edib ki, Moldova ombudsmanı gürcü və rumın diplomatların hesabına Ermənistan ərazisini tərk edə bildi: "Moldova ərazi itkisinə məruz qalan, GUAM üzvü olan dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir və dəstəklədi. Rəsmi Kişinyov A.Qriqoriunun dediklərini də şübhə altına qoymadı: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzunmüddətli tarixi prosesin nəticəsidir və Moldova bu prosesə qarışmamalıdır".

Politoloq deyib ki, Qriqoriu ilə bağlı hadisə məsuliyyətli bir dövrdə Ermənistanın siyasi mövqeyinin aydınlaşmasına şərait yaratdı:

"Moldova rəsmisinin Ermənistanı işğalçı, Xocalı soyqırımının törədicisi kimi təqdim etməsinə baxmayaraq, Sarkisyan Avropa Xalq Partiyasının Moldovada keçirilən regional tədbirində iştirak etdi. Bununla da Prezident Serj Sarkisyan Aİ-yə inteqrasiya niyyətində israrlı olduğunu nümayiş etdirdi. Bir müddət bundan öncə Rusiya Prezidenti Vladimir Putin KTMT-nin, Gömrük İttifaqının və Avrasiya İqtisadi Birliyinin sammitlərini ardıcıl keçirdi. O zamana kimi bütün belə sammitlərdə iştirak edən, Rusiyanı Ermənistan üçün "strateji dövlət", Ermənistanı isə Rusiya üçün "ən arzu olunan dövlət" hesab edən Sarkisyan bu üç sammitdə iştirak etmədi. Əvəzində rəsmisi tərəfindən təhqir olunan dövlətin ərazisində keçirilən partiya statuslu, Avropa miqyaslı tədbirə qatıldı. Hər halda bu, Sarkisyanın Rusiya ilə necə strateji müttəfiqlik arzuladığının göstəricilərindən biridir".

Mərkəzin direktoru vurğulayıb ki, reallığı danmaq, yalan və şantajı göylərə qaldırmaq erməni təbliğatının "soyuq müharibə" dövründən etibarən iş mexanizminin dəyişmədiyini göstərdi: "Modest Kolerov kimi keçmiş Sovet məkanında tanınmış polittexnoloqun erməni mövzusunda şərhləri onun Kremldə vəzifədə qala bilməməsi səbəbinin təkcə ermənipərəstliklə əlaqəli olmadığını göstərdi. Qriqoriunun çıxışının Moldovanın Dağlıq Qarabağın müstəqilliyini tanıması ilə yekunlaşacağı barədə əqli nəticə intellektual standartlardan çox uzaq beyinin məhsulu ola bilər. Qriqoriu Moldova Kommunist Partiyasının üzvüdür və fəaliyyəti partiya rəhbərliyi tərəfindən dəstəklənir. MKP indi də Rusiya tərəfindən himayə olunur. Ermənistan isə qərbpərəst dövlətdir. Yalnız erməni qərbpərəstliyinin keşiyində dayananlar belə halda kommunistlərin yox, Ermənistanın mövqeyini müdafiə edə bilər. A.Qriqoriu ilə bağlı hadisənin RF xarici işlər nazirinin Qarabağla bağlı məşhur bəyanatından sonraya düşməsi də təsadüfi hesab olunmamalıdır".

Əhmədoğlu qeyd edib ki, Ermənistan Rusiya siyasətçilərini anti-Rusiya istiqamətli fəaliyyətə yönəltməkdə çox böyük təcrübəyə malikdir: "Ramil Səfərov hadisəsinə də Rusiya siyasətçiləri paradoksal münasibət bildirdilər və indi də öz mövqelərində qalmaqda davam edirlər. Əslində Səfərov NATO tədbirində erməni zabiti öldürməklə həm də NATO-nun imicinə zərbə vurmuşdu. Guya anti-Qərb, anti-NATO mövqeyində dayanan Rusiya siyasətçiləri Səfərov və Azərbaycanı kəskin tənqid etdilər; indi də tənqid edirlər. Kremlin bir addımlığında oturub Kremlin çörəyini yeyib NATO-nu müdafiə etmək yalnız erməni xarateridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti