...

Fərhad Məmmədov: Əgər Ermənistan öz gələcəyini düşünürsə, işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2013 11:33 (UTC +04:00)
F.Məmmədov bildirib ki, əgər işğalçı ölkə beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmırsa, Azərbaycan əlində olan imkanlardan istifadə etməklə Ermənistanı cəzalandırmalıdır.
Fərhad Məmmədov: Əgər Ermənistan öz gələcəyini düşünürsə, işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan beynəlxalq hüquqa söykənərək Ermənistanın Azərbaycan sərhədlərini güclə dəyişdiyini sübuta yetirib və bu, bir çox beynəlxalq təşkilatların qətnamələrində öz əksini tapıb. Trend-in məlumatına görə, bu barədə Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumun Azərbaycan Diplomatik Akademiyasında keçirilən "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: mürəkkəb vəziyyətdən çıxış yolu" adlı paneldə çıxışı zamanı deyib.

F.Məmmədovun sözlərinə görə, əfsuslar olsun ki, bu qətnamələrin qəbul olunmasına baxmayaraq, onlar hələ də yerinə yetirilməyib və bu, Azərbaycanı çox narahat edir: "Biz Azərbaycana qarşı qəbul olunan ikili standartların şahidi oluruq. BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı qətnamələr 20 ildir yerinə yetirilmir, lakin başqa qətnamələr isə bir neçə saat ərzində yerinə yetirilir. Azərbaycan Ermənistanın cəzasız qalmasından narahatdır".

F.Məmmədov bildirib ki, əgər işğalçı ölkə beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmırsa, Azərbaycan əlində olan imkanlardan istifadə etməklə Ermənistanı cəzalandırmalıdır: "Azərbaycan öz hərbi büdcəsini gücləndirir. Çünki Azərbaycan buna məcburdur, başqa cəza metodu mövcud deyil və əgər varsa, Ermənistana qarşı tətbiq olunmur".

SAM rəhbəri bildirib ki, Ermənistan öz iqtisadiyyatını diasporadan gələn maliyyənin hesabına və digər vasitələr ilə müəyyən qədər inkişaf etdirə bilmişdi: "Ancaq beynəlxalq böhrandan sonra Ermənistan hələ də 2008-ci ilin göstəricilərinə gəlib çıxa bilmir. Ermənistanda rəsmi qaydada əhali azalır, ancaq adam başına düşən ümumidaxili məhsul eyni qalır. Azərbaycanda isə əhali artımı ilə yanaşı ümumdaxili məhsul da artır".

F.Məmmədov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ərazilərinin itirilməsindən və əhalisinin qaçqın və məcburi köçkün düşməsindən başqa bir təsir göstərməyib: "Bu gün Azərbaycan istədiyi layihəni həyata keçirir, öz gələcəyini aydın şəkildə qurur, gələcəyin inkişafına hesablanmış iri layihələr həyata keçirir".

F.Məmmədov ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub. O qeyd edib ki, Minsk qrupu tərəfindən aparılan danışıqlar səmərəli deyil: "Minsk qrupu təbii olaraq formalaşıb və Minsk qrupunun həmsədr ölkələri dünyanın ən güclü ölkələrindəndir. Azərbaycan ümid edirdi ki, bu ölkələr Ermənistanı təcavüskar elan edib, Ermənistan ordusunu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracaqlar. Əfsuslar olsun ki, biz bunu görmədik".

F.Məmmədov deyib ki, Azərbaycan Minsk qrupu formatından ona görə imtina etmir ki, Azərbaycanın razılığı olmadan heç bir qərar qəbul oluna bilməz: "Misnk qrupu formatı şərait yaradır ki, Azərbaycan bu çərçivədə öz mövqeyini ortaya qoysun".

F.Məmmədov əlavə edib ki, əgər Ermənistan öz gələcəyini düşünürsə, o bu münaqişəyə çox konstruktiv yanaşmalıdır və işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti