...

ATƏT sədri: Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklifi yeni mərhələnin başlanğıcı ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2014 15:22 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü barışığa aparan danışıqların yeni mərhələsinin başlanğıcı ola bilər. Bunu çərşənbə günü Yerevanda İsveçrə Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter deyib.
ATƏT sədri: Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklifi yeni mərhələnin başlanğıcı ola bilər

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü barışığa aparan danışıqların yeni mərhələsinin başlanğıcı ola bilər. Bunu çərşənbə günü Yerevanda İsveçrə Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter deyib. Bu barədə Trend news.am saytına istinadən xəbər verir.

Xatırladaq ki, belə bir görüşün təşkilini Fransa Prezidenti Fransua Olland Ermənistana səfəri zamanı təklif etmişdi.

Didye Burkhalter habelə Minsk qrupu formatının vacibliyini də qeyd edib: "Bu mürəkkəb problemin həlli formatına tam hörmətimi ifadə edirəm. Bu, həqiqətən çətindir və biz onun vacibliyini lazımi qədər qiymətləndirmirik".

İsveçrə Prezidenti əlavə edib ki, "itkilər olub, biz bunu unutmuruq". Bununla yanaşı, o, qeyd edib ki, status-kvo perspektivlər vəd etmir və sülhə doğru addımbaaddım getməyə çalışmaq lazımdır".

ATƏT-in fəaliyyətdə olan sədri münaqişənin Madrid prinsipləri və beynəlxalq hüquq əsasında həll edilməsinin vacibliyini də qeyd edib: "Biz vasitəçilik yardımı, ekspertlərin iştirakını və siyasi və maliyyə dəstəyi təklif edə bilərik. Biz bunu İsveçrənin sədrliyi dövründə və əgər lazım gələrsə, ondan sonra da edə bilərik".

D.Burkhalter əlavə edib ki, həmçinin etimad atmosferinin möhkəmlənməsinə yardım edən tədbirlər şəklində, adamların birbaşa təmasları, ekoloji məsələlərin həlli istiqamətində də yardım göstərə bilərlər. Burkhalter sonda bildirib ki, sülh yayılması İsveçrə Konstitusiyasında təsbit edilmiş hədəflərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti