...

Elmira Süleymanova Qarabağ münaqişəsinin həlli ilə bağlı dünya ictimaiyyətinə müraciət etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2014 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, ombudsman müraciətində qeyd edib ki, Azərbaycan tarixinin son 25 illik dövrü Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, xalqımızın müharibə dəhşətlərini öz taleyində yaşaması, əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınması, onların insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə müşahidə olunub.

E.Süleymanova bildirib ki, bu gün atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurması, o cümlədən, dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladan ombudsman vurğulayıb ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların, düşmənçilik aktlarının dərhal dayandırılmasını, atəşkəsin təmin edilməsini, bütün erməni hərbi qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnamənin tələbləri yerinə yetirilmir.

Müraciətdə deyilir: "Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Bütün bunlar dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir. Bu baxımdan BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsinin, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyini vurğulayaraq; dünya səviyyəsində etnik təmizləmə siyasətinə görə cəzasızlığı və bu məqsədlə onu törədənlərin cəzalandırılmasının zəruriliyini qeyd edərək, "Dinlər - sülh körpüsü" təşəbbüsü ilə çıxış edərək; müharibə və fəlakətlərin yaratdığı təhlükələrlə üzləşən, acınacaqlı vəziyyətdə yaşayan ölkələrə dəstək verilməsinin zəruriliyini bir daha önə çəkərək; məlum münaqişə nəticəsində torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkününün pozulmuş hüquqlarının müdafiəsini, öz doğma yurd-yuvalarına qayıtmasını gözləyən, silahlı münaqişədən dinc əhalisi əziyyət çəkən ölkə olaraq; xalqların sülhə, inkişafa, həqiqətə olan hüquqlarını bəyan edərək, insan hüquqlarına hörmət edilməsi prinsipi ilə bilavasitə əlaqəli, beynəlxalq hüququn ümum qəbulolunmuş normaları olan dövlətlərin suveren bərabərliyi, dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərini rəhbər tutaraq, beynəlxalq qurumları, elm və din xadimlərini, vətəndaş cəmiyyətinin nümayəndələrini, milliyyətindən, dinindən və irqindən asılı olmayaraq, əhalinin bütün təbəqələrini öz səylərini yerli və beynəlxalq səviyyədə münaqişələrin həllinə yönəltməyə, habelə davamlı inkişafı təmin etmək üçün həmrəyliyə səsləyirik.

Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Cənubi Qafqaz regionunda sabitliyə, sülhyaratma proseslərinə dəstək verməyə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, ərazi bütövlüyünün bərpa edilməsində yardımçı olmağa çağırırıq".

Müraciət BMT-nin baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına və xarici ölkələrin ombudsmanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti