...

Minsk qrupunun həmsədr ölkələri yenə də eyni havanı çaldılar (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2014 15:15 (UTC +04:00)
Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Dezir - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yenə də sadiqdirlər.
Minsk qrupunun həmsədr ölkələri yenə də eyni havanı çaldılar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Dezir - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yenə də sadiqdirlər. Trend-in məlumatına görə, bu barədə nümayəndə heyətləri rəhbərlərinin ATƏT-in saytında dərc edilən birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz hesab edirik ki, münaqişənin hərbi həlli yoxdur və tərəfləri zorakılıqdan çəkinməyə və davamlı nizamlanmanın əldə edilməsi üçün fəal işləməyə çağırırıq".

Nümayəndə heyətlərinin rəhbərləri bu il Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca zorakılığın artmasından təəssüfləndiklərini bildiriblər.

Bəyanatda deyilir ki, tərəflər 1994-cü ildən davam edən atəşkəs rejiminin saxlanması üçün əlavə tədbirlər görməli və sülh danışıqlarının irəliləməsi üçün daha əlverişli şərait yaratmalıdırlar.

Sənəddə göstərilir ki, noyabrın 12-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan SQ-nin helikopteri vurulub: "Bu faciədən qaçmaq mümkün idi. Ona görə də tərəflər gərginliyi azaltmalı, etimadı bərpa etməli və gələcəkdə belə insidentlərdən qaçmalıdırlar".

Bəyanatda qeyd olunur: "Biz tərəflərə zorakılığın qarşısının alınması üçün təmkinli olmaq çağırışı ilə müraciət edirik. Biz, həmçinin tərəfləri humanitar problemləri 2010-ci ilin oktyabrında qəbul edilmiş Həştərxan Bəyannaməsi ruhunda həll etməyə çağırırıq".

Nümayəndə heyətlərinin rəhbərləri bildiriblər ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə, Nyuportda və Parisdə keçirilən görüşlər tərəflər arasında daha mühüm əlaqə kanalını aktivləşdirməyə imkan verib.

Bəyanatda deyilir: "Biz Parisdə prezidentlərin gələcəkdə dialoqu davam etdirmək barədə qərarını alqışlayırıq. Tərəflərin fikir ayrılıqlarını aradan qaldırmaq, etimadı bərpa etmək və öz öhdəliklərini yerinə yetirmələrinin, nizamlanmaya gətirib çıxaracaq danışıqlar prosesinə başlamağın vaxtı çatıb. Tərəflərin hərtərəfli nizamlanma üçün Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında ifadə etdikləri, xüsusilə Parisdəki son görüş zamanı müzakirə olunan element və prinsiplərin əsas olduğunu etiraf edəcəkləri gözlənilir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə danışıqlar mümkün qədər tez başlamalıdır".

Sənəddə göstərilir ki, həmsədr ölkələr əvvəlki kimi davamlı nizamlanmaya nail olmaq üçün münaqişə tərəfləri ilə sıx işləməyə hazırdırlar: "Münaqişənin nizamlanmasına görə əsas məsuliyyəti Azərbaycan və Ermənistan tərəfləri daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti