Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/
Azərbaycanın müdafiə naziri Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs arasında görüş olub.
Tərəflər Azərbaycanla Latviya arasında əməkdaşlığın inkişafından, o cümlədən hərbi sahədə əlaqələrdən məmnun olduqlarını bildirib, digər istiqamətlərdə də tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsasən Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının yerinə yetirilməməsi və digər məsələlər barədə Latviya tərəfinə məlumat verilib.
Müdafiə naziri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilmiş dəhşətli qətliama dair bəyanatla çıxış etdiyinə görə Latviya Seyminə və ümumilikdə Latviya xalqına minnətdarlığını bildirib.
A.Pildeqoviçs Latviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə daim beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəklədiyini diqqətə çatdırıb. O, bir sıra beynəlxalq, eləcə də Avropanın müxtəlif qurumlarında keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyinin Latviya tərəfindən daim dəstəkləndiyini və bundan sonra da bu mövqenin dəyişilməz qalacağını vurğulayıb.
Görüşdə beynəlxalq sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı, ölkələrimizin təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmə və separatizmə qarşı qəti mövqeyinin nümayiş etdirilməsi, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair müzakirələr aparılıb.