Bakı. Elmira Tariverdiyeva - Trend:
ATƏT-in avstriyalı sədrliyi azərbaycanlı əsgərin nəşinin Ermənistan tərəfindən qaytarılması məsələsində köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib.
Trend bildirir ki, bu barədə qurumun Twitter səhifəsində yazılıb.
Məlumatda qeyd olunub: “Azərbaycanlı əsgər Çingiz Qurbanovun nəşi qaytarılıb. Bu məsələdə göstərdiyi səylərə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığımızı bildiririk və tərəfləri Həştərxan sazişinə əməl etməyə çağırırıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Şəhid Ç.Qurbanov bu gün Qusar Şəhidlər xiyabanında dəfn olunub.