...

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Tbilisidə etiraz aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2017 09:24 (UTC +04:00)
"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Tbilisidə etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib. Yürüş boyu “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun” kimi şüarlar səsləndirilib, Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb.

"Borçalı-İrəli" İctimai Birliyi tərəfindən Xocalı soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap etdirilən 5 min ədəd buklet yolboyu Tbilsi sakinlərinə və qonaqlarına paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru Leyla Əmrahova, fəal gənclər, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

"Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov mediyaya açıqlama verərək bildirib ki, aksiyanın keçirilməsində məqsəd əsrin ən dəhşətli soyqırımı olan Xocalını qətliamını gürcü ictimayyətinə, gürcü gənclərinə və paytaxt sakinlərinə çatdırmaqdır. “Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırdıq, Gürcüstan və Azərbaycanın işğal olunan torpaqlarının azad olunmasını tələb etdik” – deyə M.İmanov bildirib.

Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə, Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər. Yürüş-aksiya Gürcüstan mediasında geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti