...

Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələrinin vəziyyəti müzakirə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2018 14:42 (UTC +04:00)
Tətbiqi Tədqiqatlar Fondu Azərbaycan Pezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, strategiya.az saytı ilə birgə ”Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda seminar keçirib.
Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələrinin vəziyyəti müzakirə edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Tətbiqi Tədqiqatlar Fondu Azərbaycan Pezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, strategiya.az saytı ilə birgə ”Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda seminar keçirib.

Trend-in məlumatına görə, seminarı çıxış sözü ilə açan strateqiya.az saytının baş redaktoru İbrahim Əliyev qeyd edib ki, müstəqil Azərbaqcanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ölkə həyatının bütün sahələri ilə yanaşı, milli mədəniyyətimizə də zərbə vurub. Onun sözlərinə görə, işğal ərazisində olan tarixi mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılır, onların mahiyyəti dəyişdirilir, tarixləri saxtalaşdırılır.

İ.Əliyev ermənilərin bu hərəkətləri ilə dünya ictimaiyyətini aldatmağa çalışdıqlarını və öz tarixlərini yeniləməyə cəhd etdiklərini söyləyib:

“Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması bizim görməli olduğumuz vacib məsələlərdən biridir. Strategiya.az saytının Tətbiqi Tədqiqatlar Fondu ilə keçirdiyi bu tədbir də həmin məsələlərə həsr olunub”.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün torpaqlarımızın işğalı ilə yanaşı, maddi-tarixi abidələrimiz də işğal faktı ilə üz-üzə qalıb:

“Ermənilərin Azərbaycan abidələrini məhv etməsi vandalizmdir. Biz bu vandallıq faktını dünya ictimaiyyətinə çatdırmalıyıq. Dünya ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ problemi, eləcə də tarixi abidələri ilə bağlı həqiqətləri bilməlidir. Dünya bilməlidir ki, ermənilərin özlərini yazıq obrazında təqdim etməsi reallığa tam ziddir”.

Deputat əlavə edib ki, Azərbaycana gələn turistlərə də dağıdılmış abidələrimiz haqqında məlumat verilməlidir:

“Bu gün Azərbaycana gələn turistlərin sayı artır. Təbii ki, biz məlum məsələyə görə turistləri işğal olunmuş ərazilərimizə apararaq oradakı abidələrimizlə tanış edə bilmirik. Lakin biz dağıdılmış abidələrimizlə, ermənilərin abidələrimizə göstərdiyi münasibətlə bağlı turistlərimizə lazımi məlumatları verə bilərik. Biz turistlərimizə Azərbaycanın ən qədim yaşayış məskəni olması, bunu sübut edən Azıx mağarası haqqında məlumat verə bilərik. Bunun üçün isə müxtəlif təbliğat yollarından istifadə edilə bilər".

Fəlsəfə doktoru Azad Zeynalov bildirib ki, bu gün Azərbaycanın onlarla abidəsi işğal altındadır. Onlardan da biri ümumbəşər tarixə malik olan, keçmiş SSRİ məkanında ən qədim insanların yaşayış məskəni olan Azıx mağarasıdır.

Alim qeyd edib ki, beynəlxalq konvensiyalara görə, müharibə gedən, münaqişə zonalarında yerləşən tarixi abidələrdə arxeoloji tədqiqatlar aparıla bilməz:

"Təəssüf ki, Ermənistan qoşulduğu beynəlxalq konvensiyalara əhəmiyyət verməyərək, abidələrimizdə qanunsuz arxeoloji tədqiqatlar aparırlar. Onlar xarici ölkələrin alimlərini də tədqiqatlara cəlb edirlər".

A.Zeynalov qeyd edib ki, bu gün dünyaya Azərbaycan abidələri erməni abidələri kimi təqdim edilir. Onun sözlərinə görə, Erməni alimləri də tədqiqat apardıqları Azıx mağarasının Azərbaycanın ərazisində yerləşdiyini öz məqalələrində və elmi konfranslarda qeyd etmirlər.

AMEA-nın professoru Təvəkkül Əliyev bildirib ki, sovet dövründə Qarabağ abidələri əsaslı şəkildə öyrənilib: "Ermənilər Qarabağ abidələrinin öyrənilmədiyini deməklə onları dünya ictimaiyyətinə tam yeni formada təqdim etmək və özükününləşdirmək istəyirlər. Ermənilərin Azərbaycanın qədim abidələrində tədqiqat aparmasının əsas məqsədi torpaqlarımıza olan iddialarını elmi formada əsaslandırmaq istəyidir".

T.Əliyev əlavə edib ki, son vaxtlar Azərbaycanın apardığı xarici siyasətin nəticəsi olaraq, xarici alimlər Qarabağdakı tədqiqatlara cəlb olunmaqdan çəkinsələr də, belə tədqiqatlar bəzi ərazilərdə hələ də davam edir. Hazırda Ağdam şəhərinin 9 km-liyində və Kəlbəcərdə ermənilər tərəfindən arxeoloji tədqiqatlar aparılır:

“Bütün bunlar Azərbaycanın abidələrinin izlərini silməyə yönəlib, ermənilər özlərinin həmin ərazilərdə olmalarını əsaslandırmağa çalışırlar. Buna görə də bu məsələdə güclərin səfərbər olunması, ermənilərin əməllərinin ifşa olunması günün vəzifəsidir”.

Tədbirdə əyani materiallarla işğal altında yerləşən mədəniyyət abidələrimizin vəziyyəti əks etdirilib, erməni vandalizminin dağıdıcı nəticələri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti