...

Azərbaycanın Belarusdakı səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2019 18:01 (UTC +04:00)
Azərbaycanın Belarusdakı səfirliyi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib.
Azərbaycanın Belarusdakı səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı səfirliyi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, fevralın 26-da Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı səfirlikdə keçirilən anım mərasimində Türkiyənin Belarusdakı səfiri və səfirliyin əməkdaşı, Minskdə təhsil alan azərbaycanlı tələbələr, Belarus Azərbaycan İcmaları Konqresinin və Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçılar öncə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən foto-sərgi ilə tanış olublar.

Anım mərasimi Xocalı soyqırımı zamanı həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tarixi kökləri, əsrlər boyu xalqımıza qarşı həyata keçirtdikləri vəhşiliklər barədə danışıb. O, XX əsrin sonuna yaxın ermənilər tərəfindən törədilən Xocalı soyqırımının özünün miqyasına və amansızlığına görə ən dəhşətli soyqırımlardan biri olduğunu söyləyib. Səfir qeyd etmişdir ki, Azərbaycanda o zaman mərkəzləşmiş rəhbərliyin və idarə etmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırmış, məsələyə vaxtında siyasi qiymət verilməmişdir və hətta beynəlxalq ictimaiyyət də bu barədə məlumatlandırılmamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən ilk olaraq bu faciəyə siyasi qiymət verilmiş və 26 fevral Xocalı soyqırımı günü kimi elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı beynəlxalq təbliğatın nəticəsidir ki, dünya ictimaiyyəti Xocalı soyqırımının real miqyası, dəhşətləri ilə tanış olub və artıq 17 dövlətin milli qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qırğını ən kəskin şəkildə pislənilib və bu faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamələr qəbul olunub. Bu gün həmin siyasətin nəticəsidir ki, Avropanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində Azərbaycanlılar tərəfindən mitinq-yürüşlər keçirilir və xalqımızın haqq səsi dünyaya çatdırılır. Səfir Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya Ədalət” təbliğat-informasiya kompaniyasının rolunun böyük olduğunu bildirib.

Daha sonra səfir bildirib ki, Xocalı soyqırımı kimi faciələrin baş verməməyi üçün, Azərbaycan hər zaman güclü dövlətə, güclü hakimiyyətə və güclü orduya malik olmalıdır, bu gün hər üç amil ölkəmizdə mövcuddur. Uzun illərdir ki, Azərbaycan dövləti milli gəlirlərimizin böyük bir hissəsini ordumuzun gücləndirilməsinə sərf edir. Bunun nəticəsi olaraq 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu özünün nələrə qadir olduğunu açıq şəkildə dünyaya nümayiş etdirdi. Tarix bizə heçdə hər zaman mərhəmətli olmamışdır. Lakin unutqanlığımız hər şeyimizi itirməyə səbəb ola bilər. Buna görə də bu faciəni heç bir zaman unutmamalı, tarixin çox məsuliyyətli və qeyri müəyyən dövründə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmək, milli mənafe və düşüncənin möhkəmləndirilməsinin vacib olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, biz bu gün Qarabağın düşmən işğalından azad olunması ərəfəsindəyik və dövlət başçısının ətrafında sıx birləşməyimiz bu günün tarixi tələbidir.

Tədbirdə Türkiyənin Belarusdakı səfiri Nilvana Darama çıxışı zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyə və Azərbaycanın tək millət iki dövlət olduğu fikrini xatırladaraq Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın deyil eyni zamanda Türkiyənin də ağrılı problemi olduğunu bildirmiş və Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımının anım gününün ilə bağlı tədbirlərdə Türk diasporunun Azərbaycan diasporu ilə birgə iştirak etdiyini söyləmişdir.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib və onlara Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış pres-relizlər paylanılıb.

Filmin nümayişindən sonra geniş müzakirələr aparılmışdır. Müzakirələrdə Azərbaycanın Belarusdakı hərbi attaşesi Elşən Rəhimov, Azərbaycan İcmaları Konqresinin Gənclər Təşkilatının rəhbəri Olesya Kosoykina, təşkilatın üzvü Vüsal Qarayev, Belarus Dövlət Tibb Universitetinin tələbəsi Şəhriyar Zülfiqarov və keçmiş hərbiçi həkim Azər İsayev çıxış edərək milli birliyimizin möhkəmləndirilməsinin və dövlət başçısının ətrafında sıx birləşməyin zəruriliyini bildirmişlər.

Elə həmin gün Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində yerləşən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə birlikdə Universitetin Azərbaycanlı və Belaruslu tələbələrin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin rəhbəri Şəfiqə Məmmədova və Səfirliyin birinci katibi Cavid İbayev çıxış edərək Xocalı faciəsi ilə bağlı tələbələrə geniş məlumat verdikdən sonra Xocalı soyqırımına dair sənədli film nümayiş etdirilib. Tədbir iştirakçıları filmə baxaraq çox təsirlənmişlər.

Həmçinin 25 fevral tarixində Səfirlik Belarusun Babruysk şəhərində fəaliyyət göstərən “Vətən” cəmiyyəti ilə birlikdə bu şəhərdə yaşayan Azərbaycanlıların iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirmişdir. Tədbirdə səfirliyin müşaviri Zülfüqar Tanarverdi çıxış edərək XX əsrin 90-cı illərində ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr və xüsusən Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir. “Vətən” cəmiyyətinin sədri Eyyub Yusifov və Qarabağ müharibəsi veteranı İlyas Sadıqov çıxış edərək Xocalı soyqırımı kimi faciələrin təkrarlanmamağı üçün həmvətənlərimizi Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birliyə çağırıblar.

Səfirlik 28 fevral tarixində Belarusun Qomel şəhərində yaşayan azərbaycanlılar ilə birlik Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti