...

Gürcüstan azərbaycanlıları rəsmi Tbilisiyə çağırış edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 11:00 (UTC +04:00)

Bakı. Trend:

Marneuli rayonundakı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində bu ölkədə fəaliyyət göstərən 50-dən çox qeyri-hökumət təşkilatının görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir zamanı Azərbaycanda baş verən hadisələr barədə ətraflı məlumat verilib, bu ölkədə yaşayan azərbaycanlıların adından Gürcüstan Prezidentinə, Baş nazirə, Parlament spikerinə, diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara açıq məktubla müraciət etmək qərara alınıb.

Görüşün sonunda məktub tədbir iştirakçılarına təqdim edilib.

Məktubda bildirilib ki, bu ölkənin vətəndaşları olan azərbaycanlılar tarixin bütün dönəmlərində Gürcüstan dövlətçiliyinin inkişafı, ərazi bütövlüyü uğrunda mübarizədə dövlətin yanında olublar. "Azərbaycanla Gürcüstan yaxın qonşu və dost olmaqla bərabər, həm də strateji tərəfdaşdırlar. Azərbaycan Respublikası hər zaman Ermənistandan fərqli olaraq, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə tam dəstək nümayiş etdirir. Dağlıq Qarabağın qondarma erməni rejimi isə dəfələrlə Gürcüstanın işğal altında olan bölgələrindəki separatçı rejimlərlə işbirliyində olaraq, ölkəmizin ərazi bütövlüyünə açıq-aşkar etinasızlıq və hörmətsizlik nümayiş etdirib".

Hərbi yüklərin Gürcüstan ərazisindən işğalçı Ermənistana daşınmasına icazə vermədiyinə görə ölkə başçısına təşəkkür edən soydaşlarımız Gürcüstan Prezidentini və digər dövlət orqanlarının rəhbərlərini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və məsələ barədə obyektiv münasibət bildirməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti