Erməni lobbisi Budapeşt məhkəməsinə Azərbaycanın milli ordusunun zabiti Ramil Səfərovla bağlı ədalətli qərar qəbul etməyə imkan verməyəcək. Trend xəbər verir ki, bu sözləri aprelin 11-də mətbuat konfransı keçirmiş Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı söyləyib.
O bildirib ki, Ramil Səfərovun işi ilə bağlı məhkəmə prosesi sona yaxınlaşır. Heç bir şübhə yoxdur ki, Budapeşt məhkəməsi Ermənistan hakimiyyətinin və erməni lobbisinin təsiri altındadır və məhkəmə obyektiv, ədalətli qərar qəbul etməkdə acizdir. Məhkəmənin aprelin 4-də keçirilən iclasından da aydın olub ki, aprelin 13-də məhkəmə Azərbaycanın milli ordusunun zabiti barədə ədalətsiz qərar çıxaracaq.
"Hakim Andraş Vaşkuti Ramil Səfərovu müdafiə edən tərəfin müraciətlərini qeyd-şərtsiz rədd edib, obyektiv ekspertiza rəylərini, Ramil Səfərovun təhsil aldığı məktəblərin, o cümlədən Budapeşt təlim mərkəzinin müsbət xasiyyətnamələrini, onun ordu və kurs yoldaşlarının ifadələrini nəzərə almaq istəmir. Bütün bunlar bir daha göstərir ki, Budapeşt şəhər məhkəməsi ermənilər tərəfindən ələ alınıb, ermənilər bu məhkəmənin vasitəsi ilə Ramil Səfərova divan tutmaq istəyir" - deyə A.Nağı bildirib.
QAT sədri qeyd edib ki, düşmənin məkrli niyyətlərinin baş tutmasına yol verməmək üçün təcili və təsirli tədbirlər həyata keçirilməlidir.
" Bu tədbirlər Azərbaycan hakimiyyətinin aprelin 13-nə təyin olunmuş məhkəmə prosesinin təxirə salınmasına, məhkəmə heyətinin dəyişdirilməsi üçün konkret addımlar atmasına nail olmasından ibarətdir. O cümlədən Azərbaycan Respublikası Milli Məclisinin Macarıstan parlamenti ilə əlaqə qrupu təcili Budapeştə səfər etməli, Macarıstan parlamentində məhkəmə prosesinin müzakirəsinə nail olmalıdır. Geniş tərkibdə mətbuat qrupu yaradılaraq Budapeştə ezam olunmalı, Azərbaycanın Macarıstandakı səfirliyi dərhal həmin ölkənin müxtəlif dövlət və hüquq-mühafizə orqanları ilə iş aparılmasına başlamalıdır" - deyə A.Nağı söyləyib.