...

İranlı qaçaqmalçılar Azərbaycanın Narkotiklərlə Mübarizə Baş İdarəsi rəisinin maşınını atəşə tutub

Siyasət Materials 20 Sentyabr 2007 16:22 (UTC +04:00)
İranlı qaçaqmalçılar Azərbaycanın Narkotiklərlə Mübarizə Baş İdarəsi rəisinin maşınını atəşə tutub

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan polisi İranla sərhəddə külli miqdarda narkotika qaçaqmalçılığının qarşısını alıb. Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə cümə axşamı Trend ə bildirib ki, bir neçə gün öncə Cəlilabad rayonu ərazisində Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə keçirilən 40 kiloqramdan artıq tiryək, 8 kiloqram heroin aşkarlanaraq götürülüb.

Mənbənin məlumatına görə, əməliyyata Baş İdarənin rəisi Həzi Aslanov rəhbərlik edib.

Əməliyyat zamanı qaçaqmalçılar polisə silahlı müqavimət göstəriblər. Mənbə bildirib ki, Aslanovun idarə etdiyi avtomobil qaçaqmalçılar tərəfindən atəşə tutulub və avtomobilə də ziyan dəyib.

Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Trend ə açıqlamasında məlumatı təsdiqləyib.

O, istintaq əməliyyatları davam etdiyindən, hadisə ilə bağlı ətraflı məlumat verməyib. İdarə rəisinin sözlərinə görə, hadisə ilə bağlı bir neçə gündən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bir müddət öncə isə, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirən iki mütəşəkkil qrup zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti