Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının məşvərət qurumu Azərbaycanın Seçki Məcəlləsinə yeni təkliflər hazırlayaraq, hökumətə və Venesiya Komissiyasına təqdim edəcək. Bu barədə çərşənbə axşamı Trend ə "Altılar" adlanan məşvərət qurumunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.
ADP, AMİP, ASDP, Tərəqqi, Müsavat partiyaları və Azərbaycan Naminə Forumun rəhbərlərinin çərşənbə axşamı keçirilən toplantısında qərara alınıb ki, seçki qanunvericiliyinə dair təkliflər layihəsi hazırlansın.
Cəlaloğlu bildirib ki, adı çəkilən altı müxalifət qurumu seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair vahid mövqedən çıxış edərək, ümumi təkliflər verir. Onların təklifinə görə, Azərbaycan seçki komissiyaları iqtidarla müxalifət arasında paritet (bərabər) formalaşmalıdır. Bu zaman seçki komissiyalarında qərarlar 50+1, yəni sadə səs çoxluğu ilə qəbul edilməlidir.
Həmçinin, təklif olunur ki, seçkilərdə səslərin təkrar sayılması barədə qanuna əlavə bənd salınsın: "Hansısa seçki məntəqəsində saxtakarlığın olması barədə şikayətlər varsa, orada şikayətçilərin də iştirakı ilə səslərin təkrar sayılması həyata keçirilsin"-deyə Cəlaloğlu məlumat verib.
Partiyalar təklif edirlər ki, seçki məntəqələrində protokollar imzalanan kimi, dərhal namizədlərin nümayəndələrinə də təqdim olunsun. Həmçinin , məmurların, məktəb direktorlarının seçki prosesində iştirakının qadağan olunması təklif edilir. "Altılar"ın digər mühüm təkliflərindən biri, Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasıdır.
Cəlaloğlu bildirib ki, bu və digər təkliflərdən ibarət sənəd oktyabrda bütün müxalifət partiyalarının birgə müzakirəsinə çıxarılacaq. Sonra Venesiya Komissiyasına, hökumətə təqdim ediləcək.