...

"Azadlıq" blokunun həmsədri: "Müsavat Partiyasının prezident seçkisində iştirak qərarı iqtidara əlverişli şərait yaratdı"

Siyasət Materials 16 Oktyabr 2007 17:32 (UTC +04:00)
"Azadlıq" blokunun həmsədri: "Müsavat Partiyasının prezident seçkisində iştirak qərarı iqtidara əlverişli şərait yaratdı"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Müsavat Partiyasının gələn- ilki prezident seçkisində iştirak qərarını tələsik atılmış addım və iqtidarın xeyrinə olan qərar kimi qiymətləndirir. Bu barədə çərşənbə axşamı Trend ə "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.

Müxalifətçi Müsavat Partiyasının ötən həftə keçirilən Məclisinin iclasında partiyanın gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak etməsi barədə qərar çıxarılıb. Məclis partiyanın başqanı İsa Qəmbərin seçkidə namizəd olmasına qərar verib.

Əli Əliyev bildirib ki, noyabrın 9-da Azərbaycan hakimiyyəti, Avropa Şurası Venesiya Komissiyası və siyasi partiyaların nümayəndələrinin iştirakı ilə Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair geniş müzakirələr keçiriləcək və həmin toplantıdan əvvəl seçki ilə bağlı qərar çıxarmaq tələskənlikdir. Əliyevin sözlərinə görə, müxalifət partiyaları Azərbaycanda seçki mühitinin və seçki qanunvericiliyinin dəyişdirilməsinə çalışdığı halda, Müsavat Partiyası bu qərarı ilə hakimiyyətə daha rahat, əlverişli şərait yaratdı, ona əlavə arqumentlər verdi.

"Hakimiyyət indi beynəlxalq qurumlara göstərəcək ki, mövcud seçki şəraiti və qanunvericiliyi ilə də müxalifət partiyası seçkidə iştirak etməyə qərar verir"-deyən Əliyev əlavə edib ki, Müsavat Partiyasının bu addımı 2005-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinin Avropa Şurasında müzakirə olunmasını gözləmədən, müsavatçı deputatların parlamentin işində iştirak etməsinə bənzəyir.

"2006-cı ilin yanvarında Avropa Şurasında Azərbaycan hökumətinə qarşı sərt qərarların çıxarılmasının qarşısını alan arqumentlərdən biri də Müsavat Partiyasının parlamentin işində iştirak etməsi oldu. Bununla, Müsavat Partiyası o vaxt,hakimiyyəti düşdüyü çətin vəziyyətdən çıxardı"-deyə "Azadlıq" blokunun həmsədri bildirib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Liberal Partiyası və VİP təmsil olunur.

Xəbər lenti

Xəbər lenti