...

Altı müxalifət təşkilatını birləşdirən məşvərət məclisi dağılıb

Siyasət Materials 5 Noyabr 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 4 müxalifət partiyasının seçki qanunvericiliyinə dair vahid təkliflər hazırlmaq qərarından sonra altı müxalifət təşkilatının - ADP, ASDP, AMİP, Tərəqqi, Müsavat partiyaları və Azərbaycan Naminə İctimai Forumun birləşdiyi məşvərət məclisi dağılıb. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycan Sosial Demokart Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib.

Müxalifətdə təmsil olunan altı nəfər siyasətçi bir neçə ay bundan əvvəl bir araya gələrək müzakirələr aparmaq məsədilə məşvərət məclisi yaradıblar. "Altılar" ayda iki dəfə toplanaraq ictimai-siyasi vəziyyətə dair müxtəlif məsələləri müzakirə edirdilər. Yaxın günlərdə Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi gözlənilir və "altılar"ın dəyişiliklərlə bağlı vahid təkliflər hazırlaması nəzərdə tutulmuşdu.

Bir həftə əvvəl məşvərət məclisindəki ADP və Müsavat Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı "Azadlıq" blokundakı iki partiya ilə (ALP və AXCP) vahid mövqedən çıxış etmək və birgə təkliflər hazırlamağa qərar veriblər.

Əlizadə bildirib ki, dörd partiyanın ayrılıqda təkliflər hazırlaması qərarından sonra məşvərət məclisindəki əməkdaşlığı davam etdirmək lüzumsuzdur.

"Bu dörd partiya hesab edir ki, yer kürəsi onların ətrafında fırlanır, yalnız özlərini yeganə müxalifət qüvvəsi sayırlar. Bu partiyalar mahiyyət baxımından iqtidarla tamamilə eynidir, özlərindən başqa heç kimin mövcudluğunu qəbul etmirlər. Onda qoy iqtidarla da özləri dil tapsınlar" - deyə ASDP rəhbəri bildirib.

Əlizadə əlavə edib ki, altı siyasətçi bir-birilərinin fikirlərini öyrənmək, mövqelərinin kiminlə uzlaşdığını yoxlamaq üçün bu formatda bir araya gəlmişdilər. Onun sözlərinə görə, həmin format çərçivəsində mövqeləri bir-birinə uyğun gələn partiyalar da oldu, gəlməyənlər də. Əlizadə məşvərət məclisində özünün kiminlə eyni, kiminlə fərqli mövqelərdə olduğunu açıqlamayıb.

"Təkcə onu deyə bilərəm ki, bu format artıq yoxdur" - deyə Əlizadə bildirib.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

AXCP, ADP, Müsavat, ALP isə sağ təmayüllü milliyətçi partiyalardır və cəmiyyətdən aldığı dəstəyə, prezident, parlament seçkilərində (2003, 2005-ci il) topladığı səslərə görə Azərbaycanın aparıcı müxalifət partiyaları hesab olunur.

Xəbər lenti

Xəbər lenti