...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi axtarışda olan ordu zabitini və "Lukoyl-Azərbaycan" QSC-yə məxsus yanacaqdoldurma məntəqəsini onunla birgə qarət etmiş şəxsi tutub saxlamışdır

Siyasət Materials 11 Noyabr 2007 12:50 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi axtarışda olan ordu zabitini və "Lukoyl-Azərbaycan" QSC-yə məxsus yanacaqdoldurma məntəqəsini onunla birgə qarət etmiş şəxsi tutub saxlamışdır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, hərbi hissədən qaçan və axtarışda olan ordu zabiti Kamran Əsədov, həmçinin "Lukoyl-Azərbaycan" QSC-yə məxsus yanacaqdoldurma məntəqəsini onunla birgə qarət edən Fərid Cabbarov tutub saxlanılmışlar.

Bu il oktyabrın 30-da saat 22:30 dəqiqədə həmin dəstə "Lukoyl" yanacaqdoldurma məntəqəsinə quldurcasına hücum çəkərək onu qarət etmiş, məntəqənin bir işçisini odlu silahdan yaralayıb üç min manata yaxın məbləğdə pul götürüb hadisə yerindən qaçmışdır.

Məlumatda xatırladılır ki, bir sıra ağır cinayət törətməkdə ittiham edilən Kamran Əsədov 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Silahlı Qüvvələrinin leytenantıdır. O, özü ilə 4 avtomat silah, 1 pulemyot, 20 əl qumbarası, xeyli patron götürüb Xanlar rayonunda dislokasiya olunan hərbi hissədən qaçmışdı. Dəstənin üzvləri oğurlanmış silahın bir hissəsini İsmayıllı rayonunda gizlədərək Bakıya gəlmişdilər. Dəstənin Azərbaycandakı bəzi səfirliklərə qarşı terror əməlləri törətmək niyyəti olduğu barədə xəbər gələn kimi, MTN-nin əməkdaşları onların qarşısını almaqdan ötrü xüsusi əməliyyat keçirdilər. Nəticədə, oktyabrın 27-də Maştağa qəsəbəsindəki evlərdən birində dəstənin bir neçə üzvü tutulub saxlanılmış, müqavimət göstərən dəstə üzvü isə ləğv edilmişdi. Evdə aparılan axtarışın gedişində əvvəllər hərbi hissədən oğurlanan döyüş sursatının bir qismi aşkar olunub müsadirə edilmişdi. Bundan başqa, bədniyyətlərin İsmayıllı rayonu ərazisində gizlətdikləri digər sursat da götürülmüşdü. Davam etdirilən axtarış əməliyyatlarının gedişində cənayətkar dəstənin başqa üzvləri - Xırdalan şəhərinin sakini, 1983-cü il təvəllüdlü Vüqar Əliyev və Bakı şəhərinin sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov saxlanılmışlar. Onlar öz ifadələrində bildirmişlər ki, dəstə bir sıra xarici ölkə, o cümlədən ABŞ səfirliyinə qarşı terror əməli törətmək niyyətində idi. Silah da məhz bu məqsədlə əldə edilmişdi. Təhlükəli silahlı dəstəni zərərsizləşdirməkdən ötrü Azərbaysan MTN-nin əməkdaşları axtarış-əməliyyat tədbirlərini gücləndirdilər və noyabrın 9-da İsmayıllı rayonu ərazisindəki meşədə gizlənən Əsədovu və Cabbarovu elə sürətli və bacarıqlı hərəkətlərlə zərərsizləşdirdilər ki, onlar müqavimət göstərməyə macal tapmadılar. Saxlanılan Əsədovdan və Cabbarovdan "AKM" tipli 2 avtomat silah, 4 patron darağı və 120 patron ələ keçirilmişdir. İlkin dindirmə zamanı Əsədov və Cabbarov bildirdilər ki, "Lukoyl"un qarətində Bəxtiyar Orucov da iştirak etmişdir. Onlar həmçinin təsdiqləmişlər ki, dəstə ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror əməli hazırlayırdı.

Xəbər lenti

Xəbər lenti