...

Türk dünyası birlik olarsa, dünyanın ən güclü dövlətləri olarlar-Türk Tarix Qurumunun rəhbəri

Siyasət Materials 17 Noyabr 2007 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Türk dünyası birlik olarsa, dünyanın ən güclü dövlətləri olarlar. Bunu şənbə günü Bakıda keçirilən türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak edən Türk Tarix Qurumunun rəhbəri Yusif Halaçoğlu deyib.

Halaçoğlunun sözlərinə görə, bu qurultay türkdilli dövlətlərin dilinin, tarixinin, mədəniyyətinin bir olduğunu sübut edir.

Bu gün Bakıda türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işə başlayıb.Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edirlər.

Qurultayın Azərbycanda keçirilməsinə önəm verən Halaçoğlu bildirib ki, Azərbycan hər zaman türkçülüyün mərkəzi olub, indi də mərkəz olaraq qalmaqdaır. "Türk dünyasında ilk cümhuriyyət də Azərbaycanda qurulub. Türk dövlətlərinin Azərbaycanda toplanmasının ayrıca özəlliyi var",- deyə Halaçoğlu vurğulayıb.

Halaçoğlu hesab edir ki, Türk dünyası, Avropa Birliyindən fərqli olaraq, daha güclü birlik halına gələ bilər. "Türk dünyasının Avropa dövlətlərindən daha fərqli bir yapısı var. Türk dövlətlərinin həm tarixi, həm dili, həm də mədəniyyəti birdir. Zənn edirəm, biz onlardan daha güclü birlik halına gələ bilərik".

Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Cəlal Ərbayın fikrincə, türk dövlətlərinin bir araya gəlməsinin türk dünyası üçün zaman-zaman problem olan erməni probleminin həllində rolu olacaq. "Türk dünyasının ermənilərlə olan problemi üzümüzü qızardacaq bir utancımızdır. Mən Trabzonda doğuldum. Trabzonla Qarabağın mənim üçün bir fərqi yoxdur. Doğma yurdumun 20 faizinin işğalda olması mənim üçün utancdır, hüzn qaynağıdır. Xocalı soyqrımını xatırlamamaq, yaddan çıxarmaq mümkün deyil. Qurultayda müxtəlif komissiyalar bir araya yığışacaq və problemin həlli yollarını tapacaqlar.Bunun bir çözümü mütləq olacaq",- deyə millət vəkili vurğulayıb.

Ümumilikdə qurultayda 1150 nəfərin iştirakı planlaşdırılır.

Qurultayda Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin vətənə qayıdışındakı problemlər barədə müzakirələr aparılacaq.

Qurultayın məqsədi türk dövlət və cəmiyyitləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti