...

Azərbaycan Parlamentinin komissiyası Almaniya bankı ilə kredit sazişini təsdiq edib

Siyasət Materials 22 Noyabr 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası Almaniyanın "KfW, Frankfurt-Mayn" (KfW) bankı ilə Maliyyə Nazirliyinin timsalında Azərbaycan Respublikası və "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti arasında kredit sazişini təsdiq edib. Bu barədə qərar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının cümə axşamı keçirilən iclasında qəbul olunub.

Saziş 2007-ci il iyunun 27-də Bakıda imzalanıb. Kredit sazişi Azərbaycanın Mingəçevir İstilik-Elektirik Stansiyası (AzİRES) - İmişli elektirk veriliş xəttinin tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur. Almaniya bankı Azərbaycana 30 milyon avro məbləğində kredit ayıracaq. Kredit ildə 0,75% olmaqla 12 illiyə veriləcək. İlk iki ildə Azərbaycan tərəfinə güzəşt edilib və bu müddət ərzində kredit faizi ödənilməyəcək. Almaniya bankına 7,6 milyon avro kredit faizi ödəniləcək.

Sazişə əsasən, AzİRES-İmişli elektirik veriliş xəttinin tikintisi layihəsinin icraçısı "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti 2009-cu ildə qədər krediti istifadə etməlidir və 2019-cu ilə qədər vəsait geri qaytarılmalıdır. AzİRES-İmişli elektirik veriliş xəttini tikəcək podratçı şirkətin seçilməsi üçün beynəlxalq tender keçiriləcək. Layihə çərçivəsində AzİRES-dən İmişliyə 150 km elektirik xəttinin çəkilməsi, bir yardımçı ötürücü elektrik stansiyasının tikilməsi nəzərdə tutulub.

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov qeyd edib ki, bu layihənin həyata keçirilməsi Azərbaycanın cənub bölgəsində enerji problemini tam həll edəcək. Eyni zamanda, Azərbaycan gələcəkdə enerji ixrac edən ölkəyə çevriləcəyi təqdirdə Mingəçevir-İmişli xətti ilə İrana enerji ixrac oluna bilər.

Müzakirələrdən sonra komissiya kredit sazişini təsdiq edib və məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti