...

Bakı-Tbilisi dəmiryolu xəttinin Ağstafa ərazisində etiraz aksiyası keçirilib

Siyasət Materials 3 Dekabr 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bu gün saat 13:00-da "Azərbaycan Yolu" Siyasi Hərəkatın Ağstafa rayon Təşkilatının 50-yə yaxın üzvü Bakı-Tbilisi dəmiryolu xəttinin Ağstafa ərazisindən keçən hissəsində yolu bağlayaraq, etiraz aksiyası keçirib. Bu barədə bazar ertəsi Hərəkatdan məlumat verilib.

Aksiyanın keçirilməsinə səbəb, Azərbaycan vətəndaşlarının təlabatı ödənilmədən, qonşu Gürcüstana ucuz qiymətə enerji daşıyıcılarının satılması olub. Aksiyaçılar hesab edirlər ki, Saakaşvili hakimiyyətinin Gürcüstanın dövlət büdcəsindən yalnız azərbaycanlıların kompakt yaşadığı bölgələrdə əhaliyə yardım paylaması prezident seçkisində onların səsini qazanmaq məqsədi güdür. Aksiyaçılar buna da etirazlarını bildiriblər. Onlar Gürcüstan hakimiyyətinə göstərilən yardımların dayandırılması tələbini irəli sürüblər.Piket iştirakçıları Azərbaycandan göndərilən maye qaz və elektrik enerjisinin Gürcüstanda yaşayan azərbaycanlılara verilmədiyini və soydaşlarımızın, həmişə olduğu kimi, bu gün də elektrik enerjisindən və maye qazdan məhrum olduqlarını bildiriblər.

Piketin sonunda qətnamə oxunub. Qətnamədə deyilir ki, Azərbaycanın bir çox rayonlarda qaz, işıq problemi yaşanır. Hakimiyyət isə, bu problemləri həll etmək əvəzinə, Saakaşvili rejiminə hərtərəfli yardım göstərir. Azərbaycan vətəndaşlarının həsrət qaldığı maye qazın bir kubmetri Avropa bazarında 350 ABŞ dollarına satıldığı halda, Gürcüstana çox ucuz qiymətə - 120 ABŞ dollarına verilir. Elektrik enerjisi də Azərbaycan xalqına Gürcüstandan qat-qat baha qiymətə satılır.

Aksiyaçılar tələb edirlər ki, Azərbaycan tərəfi qonşu Gürcüstana ucuz qiymətə satılan enerji daşıyıcılarını öncə Azərbaycan vətəndaşlarının tələbatının ödənilməsinə sərf etsin.

Xəbər lenti

Xəbər lenti