...

Parlamentin komissiyası "Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsinə edilən dəyişiklikləri təsdiqləyib

Siyasət Materials 11 Dekabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin İqtisadi siyasət məsələləri daimi komissiyası "Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılmasına razılıq verib. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında "Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsi müzakirə olunub.

"Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılanda 15 fəsil və 144 maddədən ibarət olub. Təkmilləşdirmədən sonra qanun layihəsi 132 maddədən ibarətdir.

Yeni qanun layihəsinə əsasən, xarici vətəndaşların və şirkətlərin Azərbaycanda sığorta şirkəti təsis etməsinə qoyulan məhdudiyyət aradan qaldılırıb. 1999-cu ildə qəbul olunan və hazırda qüvvədə olan "Sığorta fəaliyyəti haqqında" Qanuna görə, xarici vətəndaşlar və şirkətlər Azərbaycanın sığorta şirkətlərinin Nizamnamə kapitalının yalnız 49% nə sahib ola bilərdilər. Yein qanun layihəsi ilə bu məhdudiyyət aradan qaldırılıb.

Parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, deputat Ziyad Səmədzadə bildirib ki, 2006-cı ildə sığorta sahəsində yığım 0,51% olub. Bu, adambaşına 11 manat təşkil edir: "Dünya ölkələrində bu rəqəm, orta hesabla, 500 dollardır. Bəzi inkişaf etmiş ölkələrdə isə, sığorta sahəsindən gələn gəlir adambaşına 3-5 min dollar təşkil edir".

Komissiya sədri qeyd edib ki, Azərbaycanın sığorta sektoru ölkənin ümumi inkişafından geri qalır. "Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsinin qəbul olunması zərurətinə toxunan Səmədzadə bildirib ki, Azərbaycanda hazırda qüvvədə olan sığorta qanunvericiliyi ölkənin inkişaf tempinə və beynəlxalq standartlara cavab vermir. Bu , sığorta bazarına təsadüfi şəxslərin daxil olmasına şərait yaradıb: "Bu isə, sığorta olunanların və sığortaçıların maraqlarına cavab vermir. Ona görə də yeni qanunun qəbuluna zərurət yaranıb".

Azərbaycanda 29 sığorta şirkəti və bu şirkətlərin 83 nəfər təsisçisi var. Sığorta şirkətlərinin Nizamnamə kapitalının ümumi məbləği 53 milyon manatdır.

8 sığorta şirkətinin təsisçisi xarici şirkətlərdir. Onların Nizamnamə kapitalı 4,5 milyon manatdır.

"Qanun layihəsinə yeni məsələlər əlavə olunub. Layihədə çirkli pulların yuyulması, korrupsiya nəticəsində əldə olunan vəsaitlərin leqallaşdırılması, həmin vəsaitlərin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsinin qarşısının alınması, sığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziya verilməsindən imtina olunmasının səbəbəlri kimi məsələlər əks olunub", -deyə Səmədzadə əlavə edib.

Qanun layihəsi Milli Məclisdə müzakirə olunan zaman deputatların verdikləri təkliflər əsasında, layihədə bir sıra dəyişikliklər həyata keçirilib. İlk variantda layihədə hüquqi və fiziki şəxslərin sığorta fəaliyyəti ilə məşğul olması üçün, beş il müddətinə lisenziyanın verilməsi nəzərdə tutulurdu. Dəyişiklikdən sonra lisenziya müddətsiz veriləcək. Müddətsiz lisenziyanın qiyməti 22 min manat dəyərində müəyyənləşdirilib. Eyni zamanda,bir sığorta agentinin bir müştəriyə xidmət etməsi ilə bağlı maddə dəyişdirilib və bir nəfər sığorta agenti bir neçə müştəriyə xidmət edə bilər. Başqa bir dəyişikliyə görə, sığorta nəzarəti orqanı tərəfindən lisenziyası ləğv olunan və ya məhdudlaşdırılan şirkət bir gündən gec olmayaraq, iki qəzetdə bu barədə məlumat verməli və öz saytında məlumat yerləşdirməlidir.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti