...

"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun qənaətbəxşdir - baş katib Canni Bukkikio ilə müsahibə

Siyasət Materials 18 Yanvar 2008 09:50 (UTC +04:00)
"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun qənaətbəxşdir -  baş katib Canni Bukkikio ilə müsahibə

Fransa, Strasburq 17 yanvar/ Trend , müxbir A. Məhərrəmli/ Venesiya Komissiyasının katibi Canni Bukkikio -nun (Gianni Buquicchio) Trend ə müsahibəsi

- Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyət orqanları arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Venesiya Komissiyası on ildən artıqdır ki, Azərbaycan hakimiyyət orqanlarıilə əməkdaşlıq edir. Bu əməkdaşlıq həmişə məhsuldar, dostyana və ən əsası, qarşılıqlı etimada əsaslanıb. Bu əməkdaşlıqda udan və uduzan tərəf yoxdur. İstər Venesiya Komissiyası, istərsə də Azərbaycan tərəfi ölkənin demokratik inkişafı üçün çalışır.

- Azərbaycanda prezident seçkisi ərəfəsində Venesiya Komissiyası ilə Mərkəzi Seçki Komissiyası (MSK) hansı birgə işləri həyata keçirəcək?

- Bu, prezident seçkisi, eləcə də keçirilmiş və gələcəkdə keçiriləcək seçkilər üçün çox önəmlidir. Venesiya Komissiyası hakimiyyət orqanlarına, o cümlədən bütün siyasi partiyalara seçkilərin legitim və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi məqsədilə zəruri olan bütün yardımı göstərəcək. Hal-hazırda Azərbaycana seçkilərdə yardım məqsədilə Nazirlər Komitəsində "Fəaliyyət planı" müzakirə olunur. Bu plan Azərbaycan hakimiyyət orqanlarına təqdim olunub. Bildiyimə görə, Azərbaycan tərəfi onu nəzərdən keçirir. Yaxın zamanlarda onlar öz şərhlərini verəcək və sözügedən planı ehtiyaclarına uyğun istiqamətə yönəldəcəklər. Bu kontekstdə bizim Komissiya çox önəmli rol oynayacaq. Bununla əlaqədar olaraq, Venesiya Komissiyası iki spesifik fəaliyyəti nəzərdə tutur. Ilk olaraq, seçki komissiyalarının hüquqşünasları üçün treninqlər keçiriləcək. Bu treninqlər Azərbaycan tərəfindən qəbul ediləcək Seçki Məcəlləsinin uyğun şəkildə tətbiq edilməsinə, habelə, seçki mübahisələrini aradan qaldırmağa imkan verəcək. Planda yer alan digər fəaliyyətimiz, yerli seçki komissiyaları daxil olmaqla, seçkinin keçirilməsinə məsul olan şəxslərin təlimatçıları üçün treninqlərin keçirilməsidir. Yerli seçki komissiyalarının sayının çox olması bizə ölkənin bütün ərazisində treninqlər keçirməyə imkan vermir. MSK istəsə, biz onlara yardım etməyə hazırıq. Bundan başqa, jurnalistlər üçün treninqlərin keçirilməsi, eləcə də, namizədlərin və siyasi partiyaların KİV-ə çıxışının monitorinqinin aparılması fəaliyyət planında yer alıb.

Biz ümid edirik ki, Seçki Məcəlləsi Azərbaycan Parlamenti tərəfindən Venesiya Komissiyasının indiki və gələcək rəyləri nəzərə alınaraq, qarşıdakı həftə və ya aylarda qəti olaraq qəbul ediləcək. Qeyd edim ki, keçən ilin dekabr ayında Azərbaycan tərəfi Məcəlləyə dair yekun əlavə və dəyişikləri özündə əks etdirən qanun layihəsini bizə təqdim etdi. Hal-hazırda onları nəzərdən keçiririk. Biz fevral ayının birinci yarısında bu işi sonaçatdırmaq üçün Azərbaycan ekspertləri ilə Bakıda işgüzar iclas keçirməyi planlaşdırırıq. Bu iclasdan sonra Venesiya Komissiyası mart ayında keçiriləcək plenar iclasında Seçki Məcəlləsinə dair yekun rəyini verəcək və o, Parlamentə təqdim olunacaq. Seçki Qanununun seçkilərdən ən azı altı ay əvvəl qəbul edilməsi Venesiya Komissiyası üçün çox önəmlidir. Digər tərfədən, Məcəllənin hazırlanmasında gecikmələr olub. Bunun əsaslı tərəfləri var. Seçki Məcəlləsi təkcə hakimiyyəti deyil, eləcə də, bütün vətəndaşları qane edən, onların güvəndiyi bir Məcəllə olmalıdır.

- Azərbaycan hakimiyyət orqanlarının təqdim etdiyi "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan yekun layihə Venesiya Komissiyasının plenar iclasında müzakirə edildi. Onu necə qiymətləndirirsiniz?

- Gələcək seçkilər kontekstində bu Qanun çox önəmlidir. Sərbəst toplaşmaq azadlığı Avropa İnsan Haqları Konvensiyasında da təsbit olunub. Bu sahədə demokratiyaya yeni qovuşmuş ölkələrdə çox vaxt mentalitetlə bağlı problemlər oldu. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan hakimiyyət orqanlarının Venesiya Komissiyası ilə birlikdə hazırladığı Qanun umumilikdə yaxşıdır. Bəzi problemlər mövcud idi. Onların aradan qaldırılmasında birgə fəaliyyət göstərdik. Əldə olunan nəticə yaxşıdır. Bu, sərbəst toplaşmaq azadlığının qorunması üçün yaxşı bir hüquqi bazadır. Əsas məsələ bu Qanunun tətbiq olunmasında aidiyyəti olan hakimiyyət orqanlarının onu düzgün şəkildə tətbiq etməsidir.

- Yanvarın 17 - də Azərbaycan Respublikasının Avropa Şurasına üzv olmasının yeddinci ili tamam olur. Bu müddər ərzində onun Venesiya Komissiyasının tövsiyələrini yerinə yetirməsini necə qiymətləndirirsiniz?

- Əlbəttə, mən onların yerinə yetirilməsindən razıyam. Biz tərəfdaşlarımızla əməkdaşlıq etdiyimiz zaman uyğun qanunverici bazanın hazırlanması üçün onlara digər ölkələrdə əldə olunan təcrübədən, müdriklikdən yararlanmağı tövsiyə edirik. Azərbaycan tərəfindən bütün təklif və tövsiyələrimizin qəbul olunacağı təqdirdə, daha da razı olardıq.

- Bu il Konstitusiya Məhkəməsinin yaranmasının yubileyidir. Venesiya Komissiyası onun yaradılmasını nəzərdə tutan qanun layihəsinin hüquqi ekspertizasının aparılmasında iştirak edən beynəlxalq strukturlardan biridir. Yarandığı müddət ərzində Konstitusiya Məhkəməsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, Venesiya Komissiyasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığı AŞ-na qəbuldan əvvəl başlayıb.1996-cı ildə Azərbaycana ilk səfərimizdə Konstitusiya Məhkəməsinin yaradılmasını tövsiyə etdik. Bizim KM- lə gözəl əməkdaşlığımız var. Bir neçə gün bundan əvvəl gələn iyul ayının əvvəlində Bakıda Konstitusiya Məhkəməsi ilə birlikdə bir konfransın keçrilməsini planlaşdırmışıq. Mən o vaxt da demişəm ki, Konstitusiya Məhkəməsi xaricə açılmış bir pəncərədir. Onun vasitəsilə digər ölkələr ölkədə demokratiyanın inkişaf səviyyəsini qiymətləndirə bilərlər. Onun çıxardığı qərarlar xaricdə tanınır, çünki bu, önəmli bir qurumdur. Buna görə Konstitusiya Məhkəməsinə tam müstəqillik vermək lazımdır. Bu bir çox ölkələrdə, o cümlədən Azərbaycanda olan problemdir. Məhkəmə sisteminin, hakimlərin müstəqil olması çox vacibdir. Onların işinə heç bir müdaxilə olmamalıdır. Azərbaycan Konstitusiya Məhkəməsi yaxşı fəaliyyət göstərir və digər ölkələrin təcrübəsindən bəhrələnir.

- Venesiya Komissiyası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün zəruri olan hüquqi çərçivənin hazırlanmasında hansı rolu oynaya bilər? Qurum nəyə görə bu sahədə xüsusi təşəbbüskarlıq nümayiş etdirmir?

- Venesiya Komissiyasının xarakterik xüsusiyyətlərindən biri odur ki, o, təşəbbüskarlıq göstərmir. Nizamnaməyə görə, bunun üçün ona müraciət olunmalıdır. Orada, həmçinin, ona hansı qurumların müraciət etməsi göstərilib. Aidiyyəti ölkə onu maraqlandıran məsələ ilə bağlı quruma müraciət edə bilər. Aidiyyəti olan iki ölkə varsa, onların ikisinin də razılığa gəlməsi lazımdır. Dağlıq Qarabağ problemi, Avropada mövcud olan digər problemlər kimi, mürəkkəb və incə bir məsələdir. Bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Venesiya Komissiyası bu məsələyə müdaxilə etməyib, çünki ondan bunu kimsə xahiş etməyib. Buna baxmayaraq, deyə bilərəm ki, Venesiya Komissiyası bu cür məsələlərin həll olunmasına yardım etməkdə böyük təcrübəyə malikdir. O, siyasi yox, hüquqi bir qurumdur. Biz məsələnin həll olunmasına yardım edəcək hüquqi məsləhətlər verə bilərik, lakin bunun üçün siyasi razılıq olmalıdır. Biz digər beynəlxalq instansiyalar, o cümlədən Avropa İttifaqı və ATƏT-lə Kosovo, Dnestryanı, Serbiya-Monteneqro Dövlətlər Birliyi, eləcə də Cənubi Osetiya və Abxaziyada mövcud problemlərlə bağlı əməkdaşlıq etmişik. Buna baxmayaraq, bu məsələlərdən hələ heç biri həll olunmayıb. Bu isə, istər siyasi, istər hüquqi məhdudiyyətlərin olmasından irəli gəlir. Biz bu münaqişələrin həll olunmasına yardım etməyə tam hazırıq. Ən önəmlisi odur ki, siyasi qərarvericilər həll yolu tapmaq üçün iradə nümayiş etdirsinlər. Bizim quruma müraciət etmək üçün iki ölkənin razılığının olmasına gəldikdə, onu əlavə edə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin timsalında Minsk Qrupu məsələnin həll olunmasında hüquqi yardımın göstərilməsi üçün Venesiya Komissiyasına müraciət edə bilər. Bu daha ağlabatan olardı, çünki o, bu münaqişə ilə çoxdan məşğul olur. Aidiyyəti olan hər iki ölkə də hüquqi məsləhətlər almaq üçün Komissiyaya müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti