Azərbaycan, Bakı, 17 yanvar/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun Trend İnformasiya Agentliyinə eksklüziv müsahibəsi
- Azərbaycanın Avropa Şurasına qəbul olunmasından yeddi il ötür. Bu təşkilata üzv olmaq Azərbaycana nə verdi?
- Azərbaycanla Avropa Şurası arasında əlaqələr 2001-ci ildən əvvəl başlamışdı. 1995-ci ildən Azərbaycanla Avropa Şurası arasında geniş əlaqələr qurulmuşdu. Azərbaycan təkcə Avropa Şurası ilə deyil, Avropanın və Qərbin bütün təşkilatları ilə əməkdaşlıq edirdi. Çünki Azərbaycan xalqı və ölkə rəhbərliyi Avropa və Qərbə inteqrasiya və bu zaman öz milli-mənəvi dəyərlərinin qorunması ilə bağlı seçimini etmişdi. Azərbaycanın bu seçimi hansısa işlərin görülməsində özünü göstərməliydi və Avropaya inteqrasiya olunmağı tələb edirdi. Ona görə də Azərbaycanın Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına üz tutması təsadüfi deyildi. Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olmaqla, bu münasibətləri rəsmiləşdirdi və tam səlahiyyətli üzv olmaqla, iclaslarda iştirak etmək hüququ qazandı.
Avropa Şurasının Avropanın digər təşkilatlarından maraqlı bir fərqi var. Bu isə ondan ibarətdir ki, hansısa ölkə Avropanın digər təşkilatlarına üzv olmaq üçün, ilk növbədə, həmin təşkilatın standartlarına uyğunlaşmalıdır. Avropa Şurası isə, bəyan edir ki, müxtəlif şərtlər mövcuddur və hansısa ölkə bu şərtlərə və standartlara cavab vermədiyi halda da həmin dövləti tam hüquqlu üzv qəbəl edir. Lakin bir şərtlə ki, ölkə Avropa Şurasına tam hüquqlu üzv olandan sonra, təşkilatın şərtlərini tədricən yerinə yetirsin. Bu isə, öhdəliklər formasında ifadə olunur.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olanda, təşkilatın prinsip və standartlarına uyğun deyildi. Bu da Azərbaycanın Avropa Şurası qarşısında yazılı öhdəliklər götürməsi ilə nəticələndi. İmzalanmış sənəddə həmin öhdəliklərin yerinə yetirilməsinin müddəti də əks olunub. Avropa Şurasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu təşkilat Avropaya inteqrasiya məsələsində Azərbaycanla konsturuktiv əlaqələr qurmaqla yanaşı, Azərbaycan xalqının iradəsini əks etdirir və eyni zamanda, Avropada olan və bizim maraqlarımızla üst-üstə düşən standartlarına ölkəmizi uyğunlaşdırır. Bu isə, birgə razılıq, konstruktiv əməkdaşlıq, qarşılıqlı hörmət əsasında baş verir. Avropa Şurasının insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, demokratiyanın daha da genişlənməsi və cəmiyyətin bütün təbəqələrinə yayılması istiqamətində rolunu düzgün qiymətləndirmək lazımdır. Bu rol böyükdür, əhəmiyyətlidir və çox vacibdir. Azərbaycan qarşısına qoyduğu məqsədlər, istiqamət və inkişafı ilə Avropa Şurasının dəyərlərini bölüşür. Azərbaycan rəhbərliyi həmişə qanunun aliliyinin təmin edilməsinə, insan hüquqlarının qorunmasına və demokratiyanın inkişafına çalışıb və bu siyasət indi də davam edir. Azərbaycanla Avropa Şurasının dəyərləri üçt-üstə düşdüyünə görə, hazırda həyata keçirilən əməkdaşlıq da məntiqlidir.
-Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsinin səviyyəsini necə qiymətləndirirsiniz?
- 2001-ci ildən sonra öhdəliklərin yerinə yetirilməsi daha konkret zaman çərçivəsində və tələblərlə həyata keçirilirdi. Hazırda bu proses davam edir. Bəzi öhdəliklər yerinə yetirilib, bəzi öhdəliklər hələ də icra olunmayıb və öz həllini gözləyir. Ancaq öhdəliklərin böyük əksəriyyəti yerinə yetirilib. Qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, mətbuat və söz azadlığı, insan hüquqlarının qorunması ilə bağlı öhdəliklər yerinə yetirilib. Lakin Avropa Şurasının qarşısında götürülən öhdəliklərin bəzilərinin həyata keçirilməsində problemlər mövcuddur. Məsələn, İctimai Televiziyanın yaradılması ilə bağlı öhdəlik yerinə yetirilib. Ancaq İctimai Televiziyanın standartlara cavab verməsi, Avropa və dünyanın qəbul etdiyi formada fəaliyyət göstərməsi bir gündə həyata keçirilə bilməz. Bunların üzərində işləmək lazımdır.
- "Alternativ xidmət haqqında" Qanunun qəbul olunması ilə bağlı öhdəliyin yerinə yetirilməsinə nə mane olur?
- "Alternativ xidmət haqqında" Qanunun qəbul olunması ilə bağlı müxtəlif fikirlər var. Belə fikirlər var ki, Azərbaycan-Ermənistan münaqişəsi həll olunmayınca, "Alternativ xidmət haqqında" Qanun qəbul edilə bilməz. Lakin hesab edirəm ki, "Alternativ xidmət haqqında" Qanunun qəbul olunmasının münaqişə ilə bir o qədər də əlaqəsi yoxdur. Bəzən belə fikirlər səsləndirilir ki, "Alternativ xidmət haqqında" qanun layihəsini qəbul etmək olmaz. Çünki bu, Azərbaycanda orduya mənfi təsir göstərə bilər və sair. Azərbaycanda ordu quruculuğu çox güclü şəkildə həyata keçirilir və bunun üçün hansı addımların atıldığını görürük. Ona görə də "Alternativ xidmət haqqında" qanun layihəsinin qəbul edilməsi Azərbaycanda ordu quruculuğuna mənfi təsir göstərə bilməz. Əksinə, bu Qanunun qəbulu müxtəlif səbəblərə görə orduda xidmət etmək istəməyən, bundan imtina edən insanlarla bağlı qanuni əsasda addımlar atılmasına imkan yaradacaq.
Azərbaycan qanun layihəsini hazırlayıb və layihə Avropa Şurasına ekspertizaya göndərilib. Avropa Şurasının ekspertləri bu istiqamətdə öz işlərini davam etdirirlər. Yəni bu öhdəliyin yerinə yetirilməsində hansısa prinsipal və həlli çətin problem yoxdur.
"Alternativ xidmət haqqında" Qanunun qəbul olunması öhdəliyi vacib, lakin tezliklə həyata keçirilməli olan öhdəlik deyil ki, bu, tələsik, qısa müddətdə icra olunsun. Hesab edirəm ki, qısa bir müddətdə qanun layihəsi Milli Məclisə təqdim oluna bilər. Bu daha çox Avropa Şurasının ekspertlərindən aslıdır. Layihənin ekspertizasının cavabı gələn kimi məsələyə baxacağıq.
- AŞPA-nın Azərbaycanda apardığı monitorinq nə vaxt dayandırıla bilər?
- Azərbaycan Avropa Şurasının öhdəliklərini yerinə yetirib və yetirir. Monitorinq nə qədər tez dayandırılsa, bir o qədər yaxşı olar.Ancaq reallıqları və başqa ölkələrin təcrübəsini də yaddan çıxarmaq olmaz. Bu da bir reallıqdır ki, 1949-cu ildə Avropa Şurasının yaradıçılarından biri olan Türkiyə monitorinq altından bir neçə il əvvəl çıxıb və yenə də istəyirlər ki, Türkiyəni monitorinq altına salsınlar. Amma əminəm ki, Azərbaycanın mointirinq altından çıxması və post-monitorinq dövrünün başlaması ilə bağlı işləri elə quracağıq ki, bu, prosesin də şahidi olacağıq.
- AŞPA-nın qış sessiyasında Azərbaycanda siyasi məhbus üzrə yeni məruzəçinin təyin olunması məsələsinin gündəmə gətiriləcəyi gözlənilir. Yeni məruzəçinin təyin olunması realdırmı?
- Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yaranmış çətinliklərin həll olunması və məhbusların problemlərinin araşdırılması ilə bağlı, hakimiyyət nümayəndələri, deputatlar və hüquq müdafiəçilərindən ibarət İşçi Qrupun fəaliyyəti səmərəlidir və lazımı şəkildə qiymətləndirilməlidir. İşçi Qrupun yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılmasının əlamətlərindən biri idi; biz görüşüb, problemlərimizi müzakirə və həll etmək iqtidarındayıq və bunu sübüt etdik. Bizim problemlərimizin xaricdən olan kimsə tərəfindən həll olunmasına cəhd göstərmək Azərbaycanda demokratiyanın inkişafı deyil, bunun əksinə olan bir proses olacaq. Malkolm Bryus AŞPA-nın Azərbaycanda adıçəkilən siyasi məhbus problemi üzrə məruzəçisi olub. Onun gördüyü işlər və əldə olunan müsbət nəticələr göz qabağındadır və bunu heç kim inkar etmir. Amma bu ona görə mümkün olmuşdu ki, Azərbaycan rəhbərliyi siyasi iradə nümayiş etdirərək, Avropa Şurası, AŞPA-nın məruzəçisi və qurumun o zamankı Baş katibi Valter Şvimmerin təyin etdiyi ekspertlərlə konstruktiv əməkdaşlığa razılıq vermişdi. Bu əməkdaşlıq əsasında xeyli insanlar həbsxanalardan azad olundular. Eyni zamanda, Azərbaycan rəhbərliyinin siyasi iradəsi və Avropa Şurası ilə əməkdaşlıq nəticəsində, İşçi Qrup yaradılıb və problemləri ölkə daxilində həll etməyə başladıq. İşçi Qrupun fəaliyyəti onu göstərdi ki, problemlərimizi özümüz həll etmək iqtidarındayıq. Hətta ən çətin və problemli məsələ olan juranlistlərin azad olunması məsələsi prezidentin əfv fərmanı ilə xeyli dərəcədə həll olundu. Lakin yenidən köhnəyə qayıtmaq və "siyasi məhbuslar" üzrə yeni məruzəçinin təyin olunması mümkün deyil. Ona görə ki, bu təklifin irəli sürülməsi ya real vəziyyəti başa düşməməkdən irəli gəlir, ya da Azərbaycanda formalaşdırılmış və fəaliyyətə başlamış vətəndaş cəmiyyəti qurumlarını mənfi istiqamətə yönəltmək məqsədi daşıyır. Lakin mən inanmıram ki, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunmasını tələb edənlər bu qədər sadəlövhdürlər və reallığı başa düşmürlər. Eyni zamanda, ona da inanmıram ki, buna çalışan qüvvələr nəyəsə nail olsunlar.
Avropa Şurası kimi nüfuzlu bir təşkilatın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması ilə bağlı qərar qəbul edəcəyinə inanmıram. Hətta, məruzəçi təyin olunsa belə, bunun Azərbaycanda demokratik proseslərin inkişafına müsbət deyil, mənfi təsiri olacaq. Avropa Şurası belə bir qərar qəbul etsə, onun mənfi təsirini tezliklə hiss edəcək. Çünki Azərbaycan belə bir rəftarı və münasibəti qəbul etməyəcək. Azərbaycan elə bir mərhələdə deyil ki, ölkəmizlə bu cür danışılsın. Həm Avropa Şurası, həm də Azərbaycan üçün daha yaxşı olardı ki, birgə konstruktiv əməkdaşlıq davam etdirilsin və İşçi Qrupa daha çox dəstək, səlahiyyət verilsin və imkanlar yaradılsın.
- Avropa Şurası Azərbaycanın Seçki Məcəlləsində və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda dəyişiklik edilməsini tələb edir. Bu dəyişikliklər nə vaxt həyata keçirilə bilər?
- "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası ilə aparılan danışıqlar yekunlaşmaq üzrədir. Böyük ehtimalla demək olar ki, yaxın zamanlarda Qanuna dəyişiklik ediləcək. Azərbaycanın verdiyi təkliflər Venesiya Komissiyası tərəfindən qəbul olunub və lazım olan dəyişikliklər həyata keçiriləcək. Bu məsələ Avropa standartlarına tam uyğun şəkildə həll olunacaq.
Eyni zamanda, Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı müzakirələr konstruktiv formada davam edir. Bu da çox vacib məsələdir. Hesab edirəm ki, qısa müddətdə Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı məsələyə də aydınlıq gətiriləcək. Bu məsələlər nə qədər tez yekunlaşsa, 2008-ci ilin prezident seçkilərinə hazırlıq mərhələsi bir o qədər normal şəkildə gedəcək. Venesiya Komissiyasının verdiyi təkliflər konstruktiv şəkildə müzakirə olunduqdan sonra, Azərbaycanın maraqları çərçivəsində qəbul olunmalıdır. İstənilən beynəlxalq təşkilatla dialoqu o mərhələyə qədər davam etdirmək lazımdır ki, o mərhələ dövlətin milli maraqlarını pozmasın. Beynəlxalq təşkilatlar dövlətin milli maraqlarını bütünlüklə nəzərə ala bilməz.
- AŞPA-nın yanvarın 21-25-də keçiriləcək qış sessiyasında qurumun yeni prezidenti seçiləcək. Belə məlumat var ki, AŞPA prezidentinin seçilməsi qaydalarına dəyişiklik edilib. Azərbaycan nümayəndə heyəti hansı namizədi dəstəkləyəcək?
- Bu dəyişikliklər hələ rəsmən qüvvəyə minməyib. AŞPA prezidentinin seçilməsi qaydalarına dəyişiklik edilməsi ilə bağlı qurumun sosialistlər qrupunun rəhbəri Mari de Puçun təklifləri müzakirə olunub. Bunun üçün AŞPA-nın beş siyasi qrupunun hamısı sənədə qol çəkməlidir. Bu isə, hələik baş verməyib və yanvarın 19-20 -dən tez dəqiqləşməyəcək. Siyasi qrupların imzası toplanmadığından, yeni qaydalarla prezident seçkisi təşkil oluna bilməz və bu o deməkdir ki, köhnə qaydalar hələ də qüvvədədir.
AŞPA prezidenti vəzifəsinə seçkilərin necə keçiriləcəyi, namizədin kim olacağı yanvarın 20-dən sonra dəqiqləşəcək. Azərbaycan nümayəndə heyəti də məsələ dəqiqləşəndən sonra öz mövqeyini formalaşdıracaq və bu, açıqlanacaq. Azərbaycan heç vaxt belə məsələlərdə tələskənliyə yol verməyib və verməyəcək. Təəssüf edirəm ki, mətbuatda bəzi millət vəkillərinin mövqeyi Azərbaycanın mövqeyi kimi təqdim olunub və bizim rusiyalı deputat Mixail Markelovu dəstəklədiyimizə dair yalnış məlumat verilib.