...

Milli Məclisdə PKK ilə bağlı narazılıqlar yarandı

Siyasət Materials 1 Fevral 2008 14:58 (UTC +04:00)
Milli Məclisdə PKK ilə bağlı narazılıqlar yarandı

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir İ.Əlizadə/Azərbaycan və Türkiyə prezidentləri arasında noyabrın 7-də Bakıda imzalanmış birgə bəyanatda PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı müddəanın olmaması millət vəkillərinin narazılığına səbəb olub.

Trend in məlumatına görə, Azərbaycan və Türkiyə prezidentlərinin noyabrda Bakıda imzaladığı birgə bəyanat Milli Məclisin cümə günü keçirilən iclasında təsdiq olunub.

"Azərbaycanın PKK-nı terrorçu təhşkilat kimi tanıması ilə bağlı prezidentlərin birgə bəyannaməsində əslində, bu barədə heç bir fikir yoxdur. Nəyə görə Azərbaycan PKK-nı terrorçu təşkilat kimi tanımaq istəmir"-deyə millət vəkili İqbal Ağazadə parlamentdəki çıxışında bildirib.

Ağazadə qeyd edib ki, PKK təkcə Türkiyə üçün deyil, bütün bölgə, o cümlədən Azərbaycan üçün ciddi təhlükədir: "Heç bir qüvvə, PKK-nın lobbiçiliyi ilə məşğul olan insanlar Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımasına mane ola bilməz. Abdullah Öcala məhkəməsi zamanı özü demişdi ki, PKK-ya Azərbaycandan dəstək verilir"-deyə Ağazadə bildirib.

Ağazadə, digər millət vəkili Cəmil Həsmənli də Milli Məclis tərəfindən PKK-nın terrorçu təşkilat kimi tanınmasına dair bəyanat qəbul olunmasını tələb ediblər.

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı isə çıxışında bildirib ki, Milli Məclis Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı birgə bəyannaməyə əlavə və dəyişikliklər edə bilməz. O, qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan edib, eyni zamanda, iqtidar partiyası olan YAP da bununla bağlı bəyanat verib: "Ona görə də Azərbaycanın PKK-nı terroçu təşkilat kimi tanımaması barədə deyilənlər həqiqət deyil"-deyə YAP-çı millət vəkili bildirib.

Müxalifətdən olan digər millət vəkilləri də çıxışa yazılsalar da, buna imkan yaradılmayıb. Spiker birgə bəyannamənin təsdiqlənməsini səsə qoyub və sənəd təsdiq edilib.

Abdullah Gülün Bakı səfərindən öncə, Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımasına dair bəyanat hazırlanması məqsədilə Milli Məclisdə vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə xüsusi komissiya yaradılmışdı. Gülün səfəri zamanı iki ölkə prezidentinin imzaladığı bəyannamədə PKK-nın terrorçu təşkilat kimi tanıması barədə müddəa olduğu bildirilmişdi. Buna görə də Gülün səfərindən sonra Milli Məclisdə PKK-nın terrorçu təşkilat kimi tanınmasına dair ayrıca bəyanat qəbul edilməsinə ehtiyac qalmadığı bildirildi, buna görə də sözügedən komissiya da fəaliyyətini dayandırdı.

Xəbər lenti

Xəbər lenti