...

İranın vitse-prezidenti yaxın vaxtlarda Bakıya səfər edəcək

Siyasət Materials 6 Fevral 2008 11:11 (UTC +04:00)
İranın vitse-prezidenti yaxın vaxtlarda Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir B.İsmayılov/ İran İslam Respublikasının (İİR) vitse-prezidenti İsfəndiyar Rəhim-Məşai yaxın vaxtlarda Bakıya səfər edəcək. Səfər zamanı o, rəsmi şəxslərlə görüşəcək, mədəniyyət və turizm sahəsində dövlətlərarası əlaqələrin gələcəkdə dərinləşdirilməsi istiqamətlərini və yollarını müzakirə edəcək. Bu barədə o, Tehranda səfərdə olan Azərbaycan Parlamentinin nümayndə heyəti ilə görüş zamanı bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov telefonla Trend ə verdiyi eksklüziv müsahibəsində bildirib ki, İİR-in Mədəni İrs və Turizm Qrumunun rəhbəri Rəhim-Məşai ilə görüşdə göstərilən sahələrdə hazırkı əlaqələrin vəziyyəti müzakirə olunub.

İbrahimov bildirib ki, görüş zamanı tərəflər hər iki dövlət və xalqın mədəni əlaqələrinin dərin köklərə, ənənəyə malik olduğunu və yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Lakin tərəflər həmçinin bildiriblər ki, əldə edilənlərlə kifayətlənmək olmaz və artıq qurulan əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün bundan sonra da səy göstərmək lazımdır.

İbrahimov qeyd edib ki, görüşdə İran və Azərbaycanın müvafiq nazirlikləri arasında münasibətlərin genişləndirilməsi müzakirə olunub.

Azərbaycan Parlamentinin nümayəndə heyəti həmçinin İran Parlamentinin sədri Qulaməli Həddad Adil, İİR-in kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb.

İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə MM-nin Siyasət məsələləri daimi komissiyasının sədri Hadi Rəcəbli, Regionlal məsələlər daimi komissiyasının sədr müavini Fəttah Heydərov, deputatlardan Ərəstun Cavadov, Hüseynbala Mirələmov və Fazil Mustafayev daxildir.

Xəbər lenti

Xəbər lenti