...

Azərbaycan parlamentinin deputatı aclıq aksiyasına başlayacaq

Siyasət Materials 29 Mart 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü mətbuata təzyiqlərə və media nümayəndələrinin həbsinə etiraz olaraq, jurnalistlərin keçirdikləri aclıq aksiyasına qoşulacaq. "Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin də aclıq aksiyasına başlayacağı gözlənilir", -deyə şənbə günü Trend a açıqlamasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib.

"Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan"qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədilə, "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı üç gündür ki, açılıq aksiya keçirirlər. Bu gün "Bizim yol" qəzetinin əməkdaşı Natiq Cavadlı da aksiyaya qoşulacaq.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Fətullayev martın 26 - dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

"Jurnalistlərin aclıq aksiyasına qoşulmağım hadisələrin gedişindən asılıdır. Amma bunu istisna etmirəm və aclıq aksiyasına başlamağım mümkündür. Hələlik aksiyaya qoşulmaq haqqında qərar qəbul etməmişəm",-deyə Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Millət vəkili qeyd edib ki, jurnalistlərin aksiyasını dəstəkləyir. Çünki siyasi məhbusların azadlığa buraxılması və mətbuata qarşı təzyiqlərin dayandırılması sahəsində siyasi və hüquqi metodlarla mübarizə aparmaq heç bir nəticə vermir.

Fətullayevin başladığı aclıq aksiyasına bir qrup məhbus da qoşulub. Bunlar Milli Qəhrəman Rasim Əkbərov, "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, keçmiş polis zabiti Müşfiq Mədətovdur. Aprelin beşində bütün siyasi məhbusların aclıq aksiyasına başlayacağı gözlənilir.

Eyni zamanda, aksiyaya dəstək məqsədilə Avropadakı azərbaycanlı siyasi mühacirlər də aclıq aksiyasına başlayıblar.

Fətullayev Cinayət Məcələsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə, milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma (213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı üç jurnalist -- "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit həbsdədir.

Müsavat deputat qrupunun beş nəfər üzvü var.

Xəbər lenti

Xəbər lenti